
Şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən 16,1 milyard dollar artıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə görə, “EvroXim” və “Sibir Kömür Enerji” Şirkətinin həmtəsisçisi Andrey Melniçenko ilin əvvəlindən bəri 5,8 milyard dollar qazanıb və bununla da o, sərvətini 24,7 milyard dollara çatdırıb.
“Novatek”in baş direktoru Leonid Mixelson 4,94 milyard dollar qazanıb və sərvəti 28,6 milyard dollara çatıb. “Volga Group”un sahibi Gennadi Timçenkonun sərvəti isə 3,4 milyard dollar artaraq, 17,7 milyard dollar olub.
Bundan əlavə, “Severstal” şirkətinin təsisçisi Aleksey Mordaşovun sərvəti 2,92 milyard dollar artaraq, 29,2 milyard dollara, “Ural Mədən və Metallurgiya" şirkətinin təsisçisi İsgəndər Mahmudovun sərvəti isə 1,22 milyard dollar artaraq, 9,09 milyard dollara çatıb.
Eyni zamanda, rusiyalı sahibkar Mixail Proxorovun sərvəti 5,33 milyard dollar azalaraq, 11,3 milyard dollara düşüb. “Telegram”ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,08 milyard dollar azalaraq, 12,3 milyard dollar, iş adamı Əlişir Usmanovun sərvəti isə 1,03 milyard dollar azalaraq 18,2 milyard dollar olub.
Qeyd edək ki, 2012-ci ilin martından agentlik planetin ən varlı 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı “Bloomberg Milyarderlər İndeksi”ni dərc edir.
Tətbiqimizi yükləyə bilərsiniz