
Milanda fəaliyyət göstərən yaradıcı layihə institutunun təsisçisi və direktoru, Azərbaycan əsilli modelyer Qalib Həsənov LVMH Mükafatının builki finalçıları sırasına daxil olub.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, Qalib Həsənovun layihəsi dizaynerin mənsub olduğu müxtəlif mədəniyyətlərlə şəxsi və estetik əlaqələrini əks etdirən yaradıcı platforma kimi təqdim olunur.
“LVMH Prize” saytında dərc olunan məlumatda bildirilir ki, Qalib Həsənov Tbilisi ətrafında böyüyüb və uşaqlıqdan müxtəlif dillər, sənətkarlıq ənənələri və mədəniyyətlərlə əhatə olunub.
Qeyd olunur ki, Azərbaycan əsilli gürcü dizayner kimi o, təxminən 10 illik peşəkar təcrübədən sonra 2024-cü ildə Milanda layihə institutunu yaradıb.
LVMH Mükafatı 2013-cü ildə təsis olunub və dünyanın müxtəlif ölkələrindən gənc istedadları üzə çıxarmağı və dəstəkləməyi hədəfləyir. Müsabiqədə iştirak üçün dizaynerlərin ən azı iki hazır geyim kolleksiyası təqdim etməsi və 18-40 yaş aralığında olması tələb olunur. Qalib 400 min avro pul mükafatı və LVMH ekspertlərindən ibarət komanda ilə bir illik mentorluq proqramı əldə edəcək.
Bu il finalçılar moda sənayesinin aparıcı simaları tərəfindən seçilib. Münsiflər heyətində Conatan Anderson, Sara Burton, Mark Jacobs və Farrell Villiams kimi tanınmış adlar yer alır. Qaliblərin adları 4 sentyabr tarixində üç kateqoriya üzrə – LVMH Mükafatı, Karl Lagerfeld Mükafatı və Savoir-Faire Mükafatı üzrə elan ediləcək.
Qeyd edək ki, fevral ayında Qalib Həsənov Milan Moda Həftəsi çərçivəsində payız/qış kolleksiyasını təqdim edib. Əslən Gürcüstanın Borçalı bölgəsindən olan 31 yaşlı Həsənovun çıxışı nüfuzlu “Vogue” nəşri tərəfindən yüksək qiymətləndirilib və dizayner “yüksələn ulduz” kimi xarakterizə olunub.
Tətbiqimizi yükləyə bilərsiniz