
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 May - Qələbə günündə atəşkəs elan etmək təklifini şərh edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə rəsmi “Telegram” kanalında bildirib.
Ukrayna Prezidenti təklifin təfərrüatlarını aydınlaşdırmaq üçün nümayəndələrinə ABŞ Prezidenti Donald Trampın komandası ilə əlaqə saxlamağı tapşırıb.
“Nümayəndələrimizə ABŞ prezidentinin komandası ilə əlaqə saxlamağı və Rusiyanın qısamüddətli atəşkəs təklifinin təfərrüatlarını aydınlaşdırmağı tapşırdım. Ukrayna sülhüm tərəfdarıdır və bu müharibəyə həqiqətən son qoymaq üçün lazımi diplomatik işləri görür”, - Zelenski bildirib.
O, həmçinin Kiyevin davamlı sülhü təmin edən uzunmüddətli atəşkəs istədiyini qeyd edib.
Zelenski Ukraynanın bunun üçün istənilən ləyaqətli və effektiv formatda işləməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, aprelin 29-da Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin söhbət zamanı Trampa Qələbə günündə atəşkəs elan etməyə hazır olduğunu deyib və Amerika Prezidenti onun bu təşəbbüsü fəal şəkildə dəstəkləyib. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov atəşkəsin vaxtı barədə daha sonra məlumat veriləcəyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz