
Bu gün ABŞ Prezidenti Donald Tramp üçün İrana qarşı hərbi əməliyyatların bərpası üçün yeni potensial ssenarilər barədə xüsusi brifinq keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, brifinq ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper tərəfindən keçiriləcək.
“Bu brifinq göstərir ki, Tramp danışıqlardakı mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya müharibə bitməzdən əvvəl son zərbəni vurmaq üçün genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etmək variantlarını ciddi şəkildə nəzərdən keçirir”, - portalın mənbələri qeyd edib.
“Axios”un mənbələrinə görə, Pentaqon dialoqdakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qarşı qısa və güclü zərbələr dalğasına başlamaq planı hazırlayıb.
Portalın məlumatına görə, bir sıra hücumlardan sonra ABŞ İran rəhbərliyinə danışıqlar masasına qayıtmaq və daha çox çeviklik göstərmək üçün təzyiq göstərəcəyinə ümid edir.
Prezidentə təqdim ediləcək hərbi əməliyyatların yenidən başlaması üçün başqa bir variant isə su yolunu kommersiya gəmiçiliyinə açmaq məqsədi ilə Hörmüz boğazının bir hissəsini ələ keçirməkdir. “Axios”un mənbələri qeyd edirlər ki, belə bir əməliyyat quru qüvvələrinin istifadəsini də əhatə edə bilər.
Digər bir variant isə İranın yüksək dərəcədə zənginləşdirilmiş nüvə yanacağı ehtiyatını ələ keçirmək üçün xüsusi qüvvələrin yerləşdirilməsidir.
Portalın mənbələrinə görə, prezidentin brifinqində Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn də iştirak edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz