
Səudiyyə Ərəbistanı Liqasında “Əl Nəsr” və “Əl Əhli” arasında keçirilən oyun final fitindən sonra baş verən hadisələrlə yadda qalıb.
Yeniavaz.com xəbər verir ki, oyunun əlavə vaxtında “Əl Nəsr” formasını geyinmiş Kinqsli Koman Merih Demirala qarşı çox kobud oynayıb.
Topuğuna dəyən zərbədən sonra yerdə qalan Türkiyə millisinin oyunçusu hakimin bu hadisəyə görə qırmızı vərəqə göstərməməsinə sərt reaksiya verib.
Final fiti çalınan kimi əsəblərini cilovlaya bilməyən Merih Demiral Komana hücum çəkib. Lakin hər iki komandanın oyunçuları müdaxilə edərək gərginliyin artmasının qarşısını alıblar. Bu vaxt Demiralla keçmiş komanda yoldaşı Kriştianu Ronaldo arasında da qızğın mübahisə baş verib.
Matçdan sonra danışan Merih Demiral hakimin qərarlarını sərt şəkildə tənqid edib.
“Ayağımın vəziyyətinə baxın. Qərarlar həmişə “Əl Nəsr”in lehinə verilir. Hər mövsüm bu komandanın çempion olmasına kömək edirlər”, - türkiyəli futbolçu bildirib.
Qeyd edək ki, “Əl-Nəsr” son dəqiqələrdə vurulan qollarla 2-0 qələbə qazanaraq çempionluğa gedən yolda vacib qələbəni təmin edib. “Əl-Nəsr”in qollarını 76-cı dəqiqədə Kriştianu Ronaldo, 90-cı dəqiqədə isə Kinqsli Koman vurub.
Tətbiqimizi yükləyə bilərsiniz