
Azərbaycanda fəaliyyət göstərən özəl banklardan daha birində - “Yelo Bank” ASC-də problemli kreditlərin həcmi kəskin artıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin birinci rübünün yekununda “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 48 milyon 752,7 min manat olub.
“Yelo Bank”da vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 4,5% olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə “Yelo Bank”ın vaxtında geri qaytarılmayan kreditləri 32 milyon 426,6 min manat olub.
Açıqlanan məlumatdan da göründüyü kimi, son bir ildə “Yelo Bank”ın problemli kreditlərinin həcmi 50% və ya 16 milyon 326,1 min manat artıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 3,4%-dən 4,5%-ə yüksəlib.
Eyni zamanda, müştərilər tərəfindən “Yelo Bank”a yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, son 3 ayda həm hüquqi, həm də fiziki şəxslərin bankdakı depozitlərində azalma qeydə alınıb. Hüquqi şəxslərin “Yelo Bank”dakı depozitləri son 3 ayda 8,6% və ya 14 milyon 156,4 min manat, fiziki şəxslərin depozitləri isə son 3 ayda 2,8% və ya 30 milyon 118,8 min manat azalıb.
Qeyd edək ki, 1994-cü ildən ölkəmizdə fəaliyyət göstərən “Yelo Bank” ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. 2002-ci ildə rebrendinq edərək “Nikoil Bank” adlandırılıb.
2019-cu ildə hazırda da istifadə olunan “Yelo Bank” adına rebrendinq edilib.
2022-ci ilin mart ayınadək “Yelo Bank”ın əsas səhmdarı “Topaz İnvestment Limited” MMC olub.
Banka birbaşa nəzarət edən şəxs isə Rusiyanın “Lukoil” şirkətinin sahibi, Azərbaycan əsilli milyarder Vahid Ələkbərov olub. Ukrayna müharibəsindən sonra Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən Vahid Ələkbərov nəzarət etdiyi bir sıra aktivləri başqa şəxslərə təhvil verib.
2022-ci ilin mart ayından etibarən “Yelo Bank”a birbaşa nəzarət edən şəxs Marina Kulişovadır.
Nizamnamə kapitalına (378 milyon manat) görə Azərbaycanın ən böyük 2-ci özəl bankı olan “Yelo Bank”ın səhmlərinin 98,94%-i Marina Kulişovaya məxsusdur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz