Turizm Agentliyi 14 ölkədən jurnalist və blogerlər gətirir – 1 milyon manat ayrılıb


Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil etmək məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Vata” MMC (VÖEN – 1307402011) olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsabiqəsinin qalibi olan “Vata” MMC 14 ölkədən Azərbaycana jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələrini gətirəcək və qarşılığında 1 milyon 53 min 409 manat 97 qəpik alacaq.
Qeyd edək ki, “Vata” MMC jurnalistlər, blogerlər və turizm şirkətlərinin nümayəndələrini aşağıdakı ölkələrdən gətirəcək:
Rusiya və Belarusdan – 257 min 590 manat 47 qəpik;
Türkiyədən – 270 min 953 manat 67 qəpik;
Bəhreyn, Misir, Küveyt və Omandan – 117 min 850 manat 38 qəpik;
Yaponiya və Pakistandan – 164 min 565 manat 68 qəpik;
Cənubi Koreya və İsraildən – 166 min 103 manat 18 qəpik;
Sinqapur, İndoneziya və Malayziyadan – 76 min 346 manat 59 qəpik.


Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 50 manat olan “Vata” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Tbilisi prospekti, ev 10, m. 5-də yerləşən MMC-nin qanuni təmsilçisi Məmmədov Faiq Məhəmməd oğludur.
Onu da bildirək ki, açıq internet resurslarında barəsində geniş məlumat olmayan “Vata” MMC son bir həftə ərzində dövlət qurumlarının keçirdiyi ümumi dəyəri 2 milyon 480 min 708 manat 44 qəpik olan 12 tender müsabiqəsinin qalibi olub.
Bir həftə ərzində 2,5 milyon manat dəyərində tender udan “Vata” MMC-nin internet saytına daxil olmaq mümkün deyil, cəmi 25 nəfər izləyicisi olan “Facebook” sosial şəbəkəsindəki hesabında isə sonuncu paylaşım 7 mart tarixində, ondan əvvəlki paylaşım isə 31 mart 2025-ci il tarixində edilib.  Şirkətin 6 131 izləyicisi olan “İnstagram” səhifəsində də sonuncu paylaşım mart ayında olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top