ABŞ Şimali Koreya əsirləri üzərində zehni idarəetmə təcrübələri aparıb


Ötən əsrin ortalarında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Şimali Koreya hərbi əsirləri üzərində zehni idarəetmə təcrübələri aparıb.
Yeniavaz.com
“The Intercept” portalına istinadən xəbər verir ki, bu məlumatlar MKİ-nin məxfilikdən çıxarılmış sənədlərində yer alıb.
Sənədlərə görə, təcrübələr ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1950-ci və 1960-cı illərdə insan psixologiyasını idarə etmək üçün narkotik maddələrdən istifadə imkanlarını öyrənmək məqsədilə həyata keçirdiyi “Amerika MK-Ultra” proqramının bir hissəsi kimi həyata keçirilib.
Qeyd olunur ki, Şimali Koreyadan əsir götürülmüş hərbçilər poliqrafiya (yalan detektoru) testlərindən keçirilib və daha qəddar testlər də hazırlanıb. ABŞ-dən əlavə, bu təcrübələr Koreya yarımadasının özündə və Yaponiyada da aparılıb. Nəşrin məlumatına görə, bu təcrübələr zamanı “hərbçilər hərbi əsirlər üzərində təcrübələr aparmaq üçün poliqrafiya operatorundan, eləcə də psixiatr və psixoloqlar qrupundan istifadə ediblər”.
Sənədlərdə bildirilir ki, insan üzərində sınaq proqramı haqqında ilk qeyd 1950-ci il rəsmi memorandumunda yer alır. Memorandumda poliqrafların, müxtəlif dərmanların və hipnozun “şəxsi nəzarət məqsədləri” üçün istifadə edilməsi ətraflı təsvir olunur. Sonrakı memorandumda, həmçinin insana iynə istifadə etmədən gizlicə sakitləşdirici dərmanlar yeritməyə imkan verən “hipospreylər” adlanan cihazlardan da bəhs olunur. Memorandumda həmçinin “gözyaşardıcı qaz qələmi” və digər “naməlum təsirli cihazlar”dan da bəhs olunur.
2024-cü ilin sonlarında “George Washington University” ilə əlaqəli qeyri-kommersiya tədqiqat təşkilatı olan “National Security Archive” 1952-ci ildə Sovet İttifaqı üçün işləməkdə şübhəli bilinən iki nəfərin dindirilməsi zamanı narkotik və hipnozdan istifadə etdiyini göstərən ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərini dərc edib.

DİGƏR XƏBƏRLƏR

Top