Ermənistanda ən böyük vergi ödəyiciləri açıqlanıb – Rusiya şirkətləri ilk onluqda yer alıb


Bu ilin birinci rübünün nəticələrinə əsasən, “Mobile Center Art” MMC Ermənistanın ən böyük vergi ödəyicisi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi məlumat yayıb.
Bildirilib ki, şirkət yanvar–mart aylarında dövlət büdcəsinə 21,4 milyard dram (57,8 milyon dollar) vergi və rüsum ödəyib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 milyard dram (13 milyon dollar) və ya 28,8% çoxdur.
Mobil cihazlar və kompüterlərin idxalı, satışı və təkrar ixracı ilə məşğul olan şirkət bununla da iri vergi ödəyiciləri siyahısında “Gazprom Armenia”, “ZCMK” və “Grand Tobacco” kimi şirkətləri geridə qoyub.
Siyahıda ikinci yerdə “Qazprom Ermənistan” QSC qərarlaşıb. Şirkət hesabat dövründə 19,8 milyard dram (53,5 milyon dollar) vergi ödəyib ki, bu da illik müqayisədə 0,7% azalma deməkdir.
Üçüncü yerdə “Zəngəzur Mis və Molibden Kombinatı” (ZCMC) dayanır. Mədən şirkəti üç ay ərzində dövlət büdcəsinə 15,5 milyard dram (41,9 milyon dollar) köçürüb.
Dördüncü pillədə siqaret istehsalı ilə məşğul olan “Grand Tobacco” MMC yer alır. Şirkət 11,5 milyard dram (31,1 milyon dollar) vergi ödəyib ki, bu da 4,4% azalma deməkdir.
İlk beşliyi 8 milyard dram (21,6 milyon dollar) vergi ödəyən “Soft Construct” QSC (Vbet brendi) tamamlayır. Şirkət vergilərin artırılması fonunda siyahıda mövqeyini xeyli yaxşılaşdırıb.
Altıncı yerdə “Wildberries” (“IMVBAM” MMC) qərarlaşıb. Şirkət 6,8 milyard dram (18,4 milyon dollar) vergi ödəyərək artım nümayiş etdirib.
İlk onluqda həmçinin “Digitain” MMC, “Philip Morris Armenia” MMC, supermarketlər şəbəkəsini idarə edən “City” MMC və mədən şirkəti “Teghut” QSC də yer alıb.
Ümumilikdə, Ermənistanın 1000 ən böyük vergi ödəyicisi 2026-cı ilin birinci rübündə dövlət büdcəsinə 459 milyard dram (1,24 milyard dollar) vəsait ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 50 milyard dram (135,1 milyon dollar) və ya 12,2% artım deməkdir.
Məlumat üçün bildirək ki, 2026-cı ilin birinci rübünə dair vergi hesabatları Ermənistan iqtisadiyyatında Rusiya kapitalının hələ də həlledici rol oynadığını göstərir. Siyahıda liderliyi ələ keçirən “Mobile Centre Art” kimi yerli şirkətlərin yüksəlişinə baxmayaraq, “Gazprom Armenia”, “Zəngəzur Mis və Molibden Kombinatı” və “Wildberries” kimi Rusiya mənşəli şirkətlərin büdcə formalaşmasında əsas sütunlar olduğu görünür.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top