
“Forbes” jurnalının 2026-cı il milyarderlər siyahısı göstərir ki, sərvəti azalan rusiyalı milyarderlərin sayı azalsa da, ümumi itkilərin həcmi əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com xəbər verir ki, əgər 2025-ci ildə sərvəti azalan milyarderlərin sayı 47 nəfər idisə, bu il bu rəqəm 35-ə düşüb. Bununla belə, ən çox itirən 10 rusiyalı iş adamının ümumi zərəri 12,2 milyard dollardan 20,2 milyard dollara yüksəlib.
2026-cı ildə “Forbes” reytinqinə 155 rusiyalı daxil edilib ki, bu da ötən ilin 146 nəfərlik göstəricisindən çoxdur. Siyahıdakı 85 milyarder daha da varlanıb, 18 nəfərin sərvəti isə dəyişməz qalıb.
“Forbes” yazır ki, Rusiya milyarderlərin sayına görə dünyada ABŞ, Çin, Hindistan və Almaniyadan sonra 5-ci yerdədir. İlin ən çox qazananı isə Dağıstandan olan senator və iş adamı Süleyman Kərimov olub. Onun sərvəti 9,3 milyard dollar artaraq 25,7 milyard dollara çatıb.
2026-cı ilin əsas “uğursuzu” Pavel Durov hesab olunur. “Telegram” platformasının qurucusunun sərvəti 17,1 milyard dollardan 6,6 milyard dollara düşərək 10,5 milyard dollar azalıb. Bu, rekord geriləmədir və Durov reytinqdə 8-ci yerdən 30-cu yerə enib.
Ekspertlər bu azalmanı bazar şəraitinin pisləşməsi ilə izah edir. “Telegram” ABŞ-də fəaliyyət göstərən “Snapchat” ilə müqayisə olunur. “Snapchat”ın 2025-ci il gəliri 5,9 milyard dollar olduğu halda, “Telegram” üçün bu göstərici təxminən 2 milyard dollar səviyyəsində proqnozlaşdırılıb. Hər iki şirkət zərər açıqlasa da, bazar kapitallaşmasının azalması “Telegram”ın qiymətləndirilməsinə mənfi təsir edib.
Pavel Durovdan başqa ən çox zərər edən rusiyalı milyarderlərin siyahısı aşağıdakı kimi olub:
Əlişir Usmanov – sərvəti 2,2 milyard dollar azalaraq 14,5 milyard dollara düşüb. Bunun səbəbi “Metalloinvest” şirkətinin gəlir və mənfəətinin kəskin azalmasıdır.
Mişel Litvak – sərvəti təxminən iki dəfə azalaraq 1,4 milyard dollara düşüb. Buna kömür bazarındakı böhran və şirkətinin zəif nəticələri təsir edib.
İqor Rıbakov və Sergey Kolesnikov – hər biri 1 milyard dollar itirib. Onların “Technonicol” şirkəti tikinti bazarındakı durğunluqdan zərər görüb.
Vladimir Lisin – 1 milyard dollar itirib, əsas səbəb NLMK səhmlərinin ucuzlaşmasıdır.
Yuri Kovalçuk – sərvəti üçdə bir azalaraq 2 milyard dollara düşüb.
Vitali Orlov – sərvəti yarıbayarı azalaraq 1,2 milyard dollar olub, balıqçılıq sektorundakı böhran və sanksiyalar təsir göstərib.
Aleksandr Lutsenko – sərvəti 39% azalaraq 1,4 milyard dollara düşüb. Restrukturizasiya və sanksiyalar rol oynayıb.
Andrey Skoç – 600 milyon dollar itirərək 6,8 milyard dollara enib.
2026-cı il göstərir ki, rusiyalı milyarderlərin sayı artsa da, iqtisadi və bazar faktorları, sanksiyalar və ayrı-ayrı sahələrdəki böhranlar onların sərvətinə ciddi təsir göstərməkdə davam edir. Xüsusilə texnologiya, metallurgiya, tikinti və xammal sektorlarında qeydə alınan geriləmələr milyarderlərin ümumi maliyyə vəziyyətinə mənfi təsir edib.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz