
İran vasitəçilərə ABŞ ilə danışıqlar üçün üçmərhələli plan təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İran tərəfi danışıqların birinci mərhələsinin müharibənin bitməsinə və İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına yönəlməsini tələb edir.
Tehranın şərtlərinə uyğun olaraq, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ ilə bağlı razılıq əldə olunarsa, ikinci mərhələdə Oman tərəfi ilə əlaqəli şəkildə müharibə bitdikdən sonra Hörmüz boğazının idarə olunması müzakirə olunacaq. İranın təklifinə görə, üçüncü mərhələ Tehranın nüvə dosyesini əhatə edəcək. Telekanalın qeyd etdiyi kimi, İran tərəfi ilk iki mərhələ üzrə razılıq əldə olunana qədər bu məsələni müzakirə etməkdən imtina edir.
“Al Mayadeen”in məlumatına görə, ABŞ müvafiq danışıqlar planını qəbul edərsə, İran növbəti danşıqlar mərhələsinə razı olacaq.
Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Baqir Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident C.D. Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar raundunun təfərrüatları hələ də məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz