
Bu ilin ilk rübünün yekununa olan məlumata görə, “Bank Avrasiya” ASC-nin vaxtında geri qaytarılmayan kreditləri 24 milyon 778,85 min manat olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bank tərəfindən açıqlanan rüblük hesabatda yer alıb.
Qeyd edək ki, vaxtında geri qaytarılmayan kreditlər “Bank Avrasiya”nın ümumi kredit portfelinin 18,6%-ni təşkil edir.
Açıqlanan məlumatlardan belə görünür ki, vaxtında geri qaytarılmayan kreditlərin yarıdan çoxunu – 16 milyon 747,8 min manatını ümidsiz kreditlər təşkil edib.
Müqayisə üçün bildirək ki, “Bank Avrasiya”da ümidsiz kreditlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 331,5 min manat və ya 2% artıb.
Ötən ilin ilk rübünün yekununda ümidsiz kreditlər vaxtında geri qaytarılmayan kreditlərin 43%-ni təşkil etdiyi halda, bu ilin ilk rübünün yekununda ümidsiz kreditlər vaxtında geri qaytarılmayan kreditlərin 67,6%-ə yüksəlib.
Onu da qeyd edək ki, bu ilin ilk rübünün yekununa olan məlumata görə, “Bank Avrasiya” Azərbaycanda zərərlə işləyən yeganə bank olub. Bankın xalis zərəri 937 min manat olub.
Eyni zamanda, müştərilər tərəfindən “Bank Avrasiya”ya yerləşdirilən depozitlərin həcmi də azalıb. Belə ki, hüquqi şəxslərin bankdakı depozitlərində kəskin azalma qeydə alınıb. Hüquqi şəxslərin “Bank Avrasiya”dakı depozitləri son 3 ayda 27% və ya 2 milyon 768,8 min manat azalaraq bu ilin aprel ayının əvvəlində 7 milyon 365 min manata düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz