
Hər iki ayağında 3 barmağı olan Abbasquliyev Fəzail Amil oğlunun yararlı kimi hərbi xidmətə göndərildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat dərc edib.
O bildirib ki, F. Abbasquliyev Travmatologiya İnstitutu və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəyi əsasında Füzuli rayon şöbəsi tərəfindən bir neçə dəfə yararsız hesab edilərək hərbi xidmətə göndərilməyib. Buna baxmayaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinəsindən sonra onun yararlı olduğu müəyyənləşib:
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi təzədən müayinə edib və bu müayinədən sonra vətəndaşın 3 barmağı olub 5 barmaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vətəndaş Abbasquliyev Fəzail Amil oğlunun hərbi xidmətə yararlı olduğu barədə verdiyi rəyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsidə vətəndaşı avtobusa əyləşdirib yola salıb Dövlət Sərhəd Xidmətinə hərbi xidmətə”, - deyə Tofiq Şahmuradov paylaşımında qeyd edib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq.
Qurumdan Yeniavaz.com-a bildirilib ki, vətəndaşın sağlamlıq vəziyyəti hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır:
“Sosial şəbəkələrdə Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Abbasquliyev Fəzail Amil oğlunun guya hərbi xidmətə yararsız olduğu halda yararlı hesab edilməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Belə ki, adıçəkilən vətəndaş 01.12.2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yekun tibbi müayinədən keçirilib. Aparılmış tibbi müayinənin nəticələrinə əsasən, vətəndaşın mövcud sağlamlıq vəziyyəti və müəyyən edilmiş diaqnozu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona hərbi xidmətə çağırışdan möhlət verilməsi və ya hərbi xidmətə yararsız hesab olunması üçün əsas yaratmır. Bir daha qeyd edirik ki, vətəndaşların hərbi xidmətə yararlılıq dərəcəsi yalnız mövcud qanunvericilik və tibbi göstəricilər əsasında müəyyən edilir. Eyni zamanda, vətəndaş qəbul edilmiş qərardan narazı olduğu halda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququna malikdir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz