Apteklərdə satılan tabletlərin içliyindəki səhvlə bağlı AÇIQLAMA

Apteklərdə satışa çıxarılan tabletlərdən birinin içliyindəki səhvin vətəndaşları çaşbaş salması barədə məlumat vermişdik. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələ ilə əlaqədar Yeniavaz.com saytının sorğusunu cavablandırıb.

Xatırladaq ki, "Kalsinova" adlı tabletlərin içliyində "2 yaşdan yuxarı uşaqlara istifadə etmək tövsiyə olunmur" yazılır. Lakin eyni içlikdə 2 yaşdan 3 yaşa qədər uşaqların gündə 1 tablet, 4 yaşdan 6 yaşa qədər uşaqların gündə 2 tablet, 7 yaş və daha çox olan uşaqların gündə 3 tablet çeynəməyi tövsiyə edilir. Yəni eyni içlikdə bir-birini təkzib edən məlumatlar yer alıb.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən saytımıza verilən açıqlamaya görə, bioloji aktiv əlavələrin içliklərinə bu qurum nəzarət etmir: "Nəzərinizə çatdıraq ki, "Kalsinova" tabletləri dərman vasitəsi deyil, BAƏ-dir (Bioloji Aktiv Əlavə). Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi BAƏ-in içlik vərəqələri üzrə məsuliyyət daşımır. Sizin təqdim etdiyiniz halda məsuliyyət istehsalçı şirkətin üzərinə düşür".

Araşdırmamız zamanı o da məlum oldu ki, bioloji aktiv əlavə hesab olunan tabletlərə görə sertifikatı Gigiyena və Epidemiologiya Mərkəzi verir.

Əldə etdiyimiz məlumata görə, hazırda Azərbaycanda yeni ekspertiza qaydaları hazırlanır və müzakirə səviyyəsindədir. Əgər bu qaydalar Nazirlər Kabineti tərəfindən qəbul olunarsa, bioloji aktiv əlavə hesab edilən tabletlərin içliyinə də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi nəzarət edəcək. İndiki halda belə görünür ki, bu səhvə görə istehsalçı şirkət məsuliyyət daşıyır.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top