
2026-cı ilin birinci rübündə Avropada elektrikli nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% artıb.
Yeniavaz.com BMG agentliyinə istinadən xəbər verir ki, artımın əsas səbəbləri arasında Yaxın Şərqdə baş verən hərbi gərginlik fonunda neft bazarında yaranan böhran və yanacaq qiymətlərinin yüksəlməsi göstərilir.
Statistikaya görə, təkcə mart ayında elektrikli avtomobillərin qeydiyyatı 240 min ədədi keçib ki, bu da illik müqayisədə 51% artım deməkdir. Regionun ən böyük beş avtomobil bazarında isə tələbat ümumilikdə 40% yüksəlib. Hazırda Avropada satılan hər beş avtomobildən biri elektriklidir.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiya uzunmüddətli perspektivdə regionun enerji təhlükəsizliyinə müsbət təsir göstərəcək. Proqnozlara əsasən, elektrikli nəqliyyatın yayılması nəticəsində Avropada neft istehlakı ildə təxminən 2 milyon barel azalacaq. Bu isə idxal olunan enerji resurslarından asılılığın əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə nəticələnə bilər.
Analitiklər qeyd edirlər ki, yüksək yanacaq qiymətləri və enerji riskləri fonunda alternativ nəqliyyat vasitələrinə keçid artıq seçim deyil, zərurətə çevrilir. Bu isə elektrikli avtomobil bazarının yaxın illərdə daha da sürətlə böyüyəcəyini göstərir.
Tətbiqimizi yükləyə bilərsiniz