Bu qidalar diqqətin zəifləməsinə səbəb olur – Yeni araşdırma


Alimlərin apardığı yeni tədqiqat göstərir ki, rasionda ultraproses (yüksək dərəcədə sənaye üsulu ilə emal olunmuş) qidaların cüzi artımı belə diqqətin zəifləməsinə və demensiya risk faktorlarının yüksəlməsinə səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, araşdırma “Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring” jurnalında dərc olunub.
Tədqiqatda demensiya diaqnozu olmayan 2100-dən çox orta və yaşlı yaş qrupuna aid avstraliyalı iştirak edib.
Alimlər iştirakçıların qidalanma vərdişlərini analiz edərək onları koqnitiv testlərin nəticələri ilə müqayisə ediblər. Nəticələr göstərib ki, ultraproses qidaların payının hətta az miqdarda artması belə diqqətin səviyyəsinin və informasiya emalı sürətinin nəzərəçarpacaq dərəcədə azalması ilə əlaqəlidir.
Tədqiqatın aparıcı müəllifi, doktor Barbara Kardoso qeyd edib ki, belə qidaların rasionda cəmi 10% artması gündəlik qidalanmaya bir paket çips əlavə etməyə bərabərdir. Hər belə artım diqqət göstəricilərinin pisləşməsi ilə müşahidə olunub.
Araşdırmaya görə, orta iştirakçı gündəlik enerjisinin təxminən 41%-ni ultraproses məhsullardan alır. Bu kateqoriyaya qazlı şəkərli içkilər, qablaşdırılmış qəlyanaltılar, yarımfabrikatlar və hazır yeməklər daxildir.
Diqqətçəkən məqamlardan biri odur ki, mənfi təsir hətta ümumilikdə sağlam qidalanmaya riayət edən insanlarda da müşahidə olunub. Bu isə göstərir ki, qidanın tərkibi ilə yanaşı, onun emal səviyyəsi də beyin sağlamlığı üçün mühüm rol oynayır.
Alimlər bildirirlər ki, dərin emal zamanı məhsullar təbii strukturunu itirir və tərkibində süni əlavələr, həmçinin istehsal prosesində yaranan kimyəvi maddələr ola bilər. Bu dəyişikliklərin beyin funksiyalarına təsir etdiyi ehtimal olunur.
Tədqiqat yaddaşın zəifləməsi ilə birbaşa əlaqə tapmasa da, mütəxəssislər vurğulayır ki, diqqət beyin fəaliyyətinin əsas funksiyalarından biridir və öyrənmə, qərarvermə və mürəkkəb tapşırıqların icrası üçün vacibdir.
Bundan əlavə, ultraproses qidaların yüksək istehlakı demensiya üçün əsas risk faktorları – piylənmə və yüksək qan təzyiqi ilə də əlaqələndirilib.

DİGƏR XƏBƏRLƏR

Top