Prinsip anlayışı


İnsanın arzuları sonsuzdur. Bu “arzu dairəsi” gözlərimizin gördüyü, xəyallarımızın uzandığı qədər genişdir. İnsanlar öz arzularına çatmaq üçün çalışıb vuruşur, istədiklərini əldə etdikdə isə xoşbəxt olduqlarını düşünürlər. Görəsən, insanın xoşbəxtliyi arzuların bu və ya başqa bir şəkildə həyata keçməsindədirmi? İnsanın qiyməti var-dövlətdə, şan-şöhrətdə, gözəl bir evdə və ya gözəl bir maşındadırmı? Nəhayət, həyatın mənası yalnız uğur qazanmaqdadırmı? İnsan verdiyi sözü yerinə yetirmədən, səmimi və təvazökar olmadan, məsuliyyət hiss etmədən inam və ya etibar sahibi ola bilərmi? İnamsız, etibarsız insan xoşbəxtdirmi? İnsanı mənən rahat edən “mənim fikrim”, “mənim dünyagörüşüm” deyib “mən”inə söykənmək, yoxsa “mən” dairəsindən çıxıb başqalarına yardım etməkdir? Həyat yolumuzu, hərəkətlərimizi, davranışlarımızı seçərkən və ya qərar qəbul edərkən gəlişigözəlliyə yol vermək, yoxsa prinsiplərə sadiq qalmaq yaxşıdır?
Həyatın bütün mərhələlərində “torpaq qanunu” hakimdir. Çünki yayı kölgədə oturub payızda torpağı həm əkmək, həm sulamaq, həm də məhsul almaq mümkün deyil. Ya da məktəbdə gözüyumulu sinifdən-sinifə keçən və ya gözüyumulu diplom alan adamların aqibətini düşünün. Bu diplom öz sahibinə nə qədər xoşbəxtlik gətirə bilər? Bəs insan xarakteri? Mütəmadi daxili nəzarət olmadan səmimi, dürüst, vicdanlı bir xarakter ortaya çıxa bilərmi? Hər bir insanın evdə, işdə, cəmiyyətdə özünəməxsus bir rolu var. Biz bu rolları ifa edərkən həqiqi prinsiplərə sadiq qalmadan gəlişigözəlliyə yol versək, xoşbəxt bir ailədən bəhs edə bilərikmi? Qətiyyət və məsuliyyət hissi olan uşaqlar yetişdirə bilərikmi? İnam, etibar qazana bilərikmi? Əlbəttə ki, yox! Çünki təbiət hadisələrinin öz qanunları olduğu kimi, cəmiyyət hadisələrinin də öz qanunları və təbii ki, öz prinsipləri var.

Prinsiplərin gücü

Prinsiplərin gücü onların həmişə etibarlı və doğru olmalarındadır. Bu prinsipləri mədəniyyət sistemlərində, dini mənbələrdə, həmçinin peyğəmbərlərin davranışlarında da görmək olar. Məsələn, Quranın təkcə ikinci surəsini bu baxımdan nəzərdən keçirsək, burada yaxşılıq etməyi, əl tutmağı, xeyirxah və səbirli olmağı, təmiz və halal ruzi qazanmağı, xoş söz deməyi, səhvi bağışlamağı, əmanətə xəyanət etməməyi, xeyir iş uğrunda yarışmağı və s. əmr edən ayələr olduğunu görərik. Peyğəmbərimizin (s.ə.s.) həyatına nəzər saldıqda isə Onun əxlaqsızlığın baş götürüb getdiyi Cahiliyyə dövründə belə iffətli, namuslu bir insan kimi tanındığını, yalandan, riyadan uzaq olduğunu müşahidə edirik. Bütün gözəl əxlaqi keyfiyyətlər Onda toplanmış, nə qazandığı qələbələr, nə də vəzifələr-mənsəblər Onu (s.ə.s.) dəyişmişdi. Əsas məsələ prinsiplərin olduğunu bilmək və bu prinsiplərin insanın qiymətini artırdığını dərk etməkdir. Böyük mütəfəkkirlərdən birinin dediyi kimi, yüksək insani keyfiyyətlər, hiss və düşüncə dərinliyi, xarakter möhkəmliyi hər yerdə qüvvədə olan kredit kartı kimidir. Xaliq də, xalq da insanları insani keyfiyyətlərinə və möhkəm xarakterlərinə görə mükafatlandırır.
Prinsiplə yaşamaq vicdanının səsini dinləməyi və buna görə yaşamağı bacarmaqdır. Çünki bizə həmişə doğru yolu göstərən vicdandır. Vicdan insanın daxili istiqamətləndirmə sistemidir. Prinsiplərə zidd hərəkət edib-etmədiyimizi, hətta hərəkət etmək fikrinə düşüb-düşmədiyimizi yalnız vicdan hesabına dərk edə bilirik. Vicdan insanda pisi yaxşıdan ayırmağı bacaran, yaxşılığa yaxın olan, pislikdən isə uzaq olan daxili bir hissdir.
Hər bir insanın görəcəyi bir iş, yerinə yetirəcəyi bir vəzifə var ki, bunu da ancaq insana vicdan öyrədə bilər. İnsanın dürüst və ədalətli olması üçün vicdanı olmalıdır. Vicdan sözünün lüğəti mənası “tapmaq”, “kəşf etmək” deməkdir. İnsan onunla həm özünü, həm də Yaradanını kəşf edir. Bundan başqa, insanda nəfs mexanizmi də var ki, bu da vicdan mexanizminə zidd olan bir mexanizmdir. Ancaq bu da var ki, vicdanın qələbəsi nəfsin məğlubiyyəti ilə yanaşı, həm də insanın ucalmasıdır. Nəfsin altında əzilən vicdandan isə bunu gözləmək olmaz. Təkəbbür, kin, nifrət kimi mənfi hisslərin təsiri altında qalan insanın vicdanı qəfəsdəki quş kimidir. Vicdanının səsinə qulaq asaraq yaşayan insanlar çətinliklər və maneələr qarşısında əyilmir, dolğun, mənalı bir həyat yaşayırlar. Onlar öz hərəkətləri üçün bəhanə axtarmaqla vaxt itirmirlər. Elə isə vicdanımızın səsini dinləməyə və ona tabe olmağa mane olan nədir? İctimai təzyiqlər, yoxsa çətinliklərdən qaçmağımız?
Bir anlığa aşağıdakı məsələlərdə vicdanımızın səsinə qulaq asdığımızı düşünək. “Daha yaxşı şagird olmaq üçün nə edə bilərəm?”, “Daha yaxşı övlad olmaq üçün nə edə bilərəm?”, “Daha yaxşı dost olmaq üçün nə edə bilərəm?..” Təbii ki, vicdanımızın bu suallara verdiyi cavabların hamısı ürəyimizcə olmaya bilər. Ancaq prinsiplə yaşamağın mənası budur. Çünki biz yalnız bütün bunlardan sonra müəllimimizin yanında daha yaxşı bir şagird, valideynlərimizin yanında daha yaxşı bir övlad, dostlarımızın yanında daha yaxşı bir dost ola bilərik.

Axtarış

Prinsiplə yaşamaq ömrü boyu axtarışda olmaqdır. Bu axtarış isə görülən bütün işlərdə, qəbul edilən bütün qərarlarda həqiqəti axtarmaqdır. Prinsiplə yaşayan insanlar isə təpədən dırnağa qədər fitri insanlardır. Onlar rəqabət aparmırlar. Onlar tənqid etmirlər. Hamı onların doğruluğuna inanır. Başqalarından istifadə etmirlər. Verdikləri sözə (və ya sözlərə) əməl edirlər. Başqalarının uğurlarına sevinirlər. İbrət götürməyi bacarırlar. Onların sözləri ilə işləri birdir. İkiüzlülük, riyakarlıq bilmirlər. Şan-şöhrət əsiri deyillər. Kollektiv işə üstünlük verirlər. Fikir müxtəlifliyini qiymətləndirirlər. Başqalarının fikirlərini dinləyirlər. Onları nəzərə almaqdan çəkinmirlər. Almaqdan çox verməyə çalışırlar. Kin və ya nifrət saxlamırlar. Əfv etməyi, bağışlamağı bacarırlar. Həmişə axtarmağa, öyrənməyə üstünlük verirlər. Nə etmək istədiklərini bilirlər. Missiyaları da məlumdur. Qaldıra bilməyəcəkləri yükün altına girmirlər. İşlərini harada başlayacaqlarını, harada qurtaracaqlarını bilirlər. Onların həyatlarında qeyri-adi bir müvazinət hakimdir. Düşkünlük onların təbiətinə yaddır. Oxumağı, düşünməyi unutmurlar. Onları mənən yüksəldən şeyləri oxuyur və ya düşünürlər...
Bəli, insan hər yerdə insani keyfiyyətlərini qorumağı, prinsiplə yaşamağı bacarmalıdır. Çünki onu nə mənsub olduğu millət, nə mənsub olduğu mövqe, nə də mənsub olduğu var-dövlət ucalda bilər.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top