
ABŞ-də alimlər ürək çatışmazlığı ilə bağlı mühüm elmi nəticə əldə ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat məşhur “Science” jurnalında dərc olunub.
Araşdırma göstərir ki, ağır piylənməsi olan insanlarda ürək əzələsi əvvəl düşünüldüyü kimi sadəcə “sərtləşmir”, həm də əhəmiyyətli dərəcədə zəifləyir.
Söhbət ürək çatışmazlığının ən geniş yayılmış formalarından biri – HFpEF (yəni, çıxış fraksiyası qorunan ürək çatışmazlığı) xəstəliyindən gedir. Bu zaman ürək normal həcmdə qan vursa da, kifayət qədər tez boşalmır və dolmur. Hazırda ürək çatışmazlığı olan xəstələrin təxminən yarısı bu diaqnozdan əziyyət çəkir və xəstəlik xüsusilə piylənməsi olan şəxslərdə geniş yayılıb.
Alimlər HFpEF diaqnozu qoyulan 80 xəstənin ürək toxumasını analiz ediblər. Nəticələr göstərib ki, bədən kütlə indeksi 40-dan yuxarı olan pasiyentlərdə ürək hüceyrələrinin yığılma qabiliyyəti xeyli zəifləyib. Hətta bu hüceyrələr ağır ürək çatışmazlığı səbəbilə transplantasiya gözləyən xəstələrin hüceyrələrinə bənzəyib.
Araşdırmada əsas səbəblərdən biri kimi troponin-I adlı zülalda baş verən dəyişikliklər göstərilir. Bu zülal ürək əzələsinin yığılmasında mühüm rol oynayır. Piylənməsi olan xəstələrdə onun daha çox fosforlaşdığı və nəticədə ürəyin yığılma gücünün azaldığı müəyyən edilib.
Ən ümidverici nəticələr isə arıqlama ilə bağlı olub. Tədqiqatda iştirak edən və çəki azaldıcı müalicə alan 16 nəfərlik qrupda müşahidələr təxminən 1,5 il davam edib. Onların əksəriyyəti GLP-1 sinfinə aid preparatlar qəbul edib. Bədən çəkisinin ən azı 10%-ni itirən xəstələrdə ürək hüceyrələrinin yığılma gücü demək olar ki, normaya qayıdıb. Bu isə ürəkdəki bəzi dəyişikliklərin geri dönə biləcəyini göstərir.
Alimlər qeyd edirlər ki, bu nəticələr müalicə yanaşmalarını da dəyişə bilər. Məsələn, bəzi dərmanlar, o cümlədən mavakamten və afikamten ürək əzələsinin yığılmasını zəiflətdiyi üçün ağır piylənməsi olan HFpEF xəstələri üçün uyğun olmaya bilər.
Tədqiqatçılar hesab edir ki, gələcəkdə bu xəstələrin müalicəsi yalnız davamlı və təhlükəsiz arıqlama ilə deyil, həm də ürək zülallarında baş verən molekulyar dəyişikliklərə birbaşa təsir edən yeni preparatlarla aparıla bilər.
Tətbiqimizi yükləyə bilərsiniz