
(Həyat dərsi)
Bu rəvayət qədim zamanlarda yaşayan Ayaz adlı bir kölə haqqındadır...
Ayaz kölə olsa da, həm böyük ağlı, həm də böyük ürəyi var idi. Bu ağılla, bu ürəklə onu sevməmək mümkün deyildi. Tale elə gətirdi ki, Ayaz Sultan Mahmudun sarayına düşdü. Artıq o, böyük bir sultanın köləsi idi. Ayaz sultanın yanında xidmət etdiyi üçün onu tez-tez görürdü. Ayazın ağlı və ürəyi sultanı da valeh etmişdi. Çox keçmədi ki, Ayaz sultanın etibarını qazandı. Hətta iş o yerə gəlib çatdı ki, sultan Ayazı bütün sarayın xəzinədarı təyin etdi. Artıq saray xəzinəsinin ən qiymətli daş-qaşları, ləl-cəvahiratları onun əlində idi. Ancaq saray əyanları sultanın Ayaza olan bu sevgisi ilə heç cür barışa bilmirdilər. Həsəd və kin onların gözlərini örtmüşdü. Əyanlar hər gün sultanın yanında Ayazdan danışır və onu gözdən salmaq üçün əllərindən gələni edirdilər...
Bir gün sultan iki əyanın söhbətini eşitdi. Əyanlardan biri o birinə bu sözləri deyirdi: “Xəbərin var, Ayaz tez-tez xəzinəyə gedir. Hətta orada saatlarla qalır. Kim bilir, bəlkə də, sultanın daş-qaşlarını, ləl-cəvahiratlarını oğurlayr”. Sultan qulaqlarına inanmadı və öz-özünə: “Hər şeyi öz gözlərimlə görməliyəm”, - dedi.
O, xəzinəyə gedib divarlardan birində kiçik bir dəlik açdı. Və bir gün Ayaz xəzinəyə gedəndə sultan bu dəlikdən ona tamaşa etməyə başladı. Ayaz içəri girib səssizcə qapını bağladı. İçəridə böyük bir sandıq var idi. Ayaz sandığa yaxınlaşıb qarşısında oturdu və yavaşca qapağını qaldırıb içindən kiçik bir boğça çıxardı. Sonra boğçanı açdı. İçində kölələrin geydiyi cırıq-sökük bir paltar var idi. Ayaz saray paltarını çıxarıb bu paltarı geydi. Sonra da aynanın qarşısına keçdi. Bir qədər baxandan sonra öz-özünə: “Ayaz, bir vaxtlar sən bu paltarı geyirdin. O vaxt sən əli-qolu bağlı bir kölə idin. Kim istəsə ala, kim istəsə sata bilərdi. Ancaq Allah sultanın əli ilə sənə rəhmətindən bəlkə də heç layiq olmadığın bu neməti bəxş etdi. İndi isə saraydasan. Odur ki, heç vaxt haradan gəldiyini unutma!” - dedi.
Sonra Ayaz paltarını dəyişdi. Köhnə paltarını boğçaya büküb sandığa qoydu. Ağzını bağlayıb səssizcə qapıya doğru getdi. Ayaz qapıdan çıxanda birdən qarşısında sultanı gördü. Sultan gözlərini Ayaza dikmişdi. Yanaqlarından isə yaş süzülürdü. Qəhərdən boğazı tutulmuşdu. Danışmaqda çətinlik çəkirdi. Nəhayət, sultan dilləndi və: “Bu günə qədər daş-qaşımın, ləl-cəvahiratımın xəzinədarı idin, indi isə qəlbimin, ruhumun xəzinədarı oldun. Bir də sən mənə Sultanımın, qarşısında bir heç olduğum Sultanımın hüzurunda necə davranmağı öyrətdin”, - dedi.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz