
Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, ev 44C ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyektin sahəsi 782,1 kvadrat metrə bərabərdir. 17 otaqdan ibarət olan obyekt 382 min 500 manatdan hərraca çıxarılıb. Bildirilir ki, obyektin ilkin bazar qiyməti 450 min manat təşkil edir.
Açıqlanan məlumatlardan belə görünür ki, hərrac vasitəsilə satışa çıxarılan obyektin bir kvadratmetrinin ilkin bazar qiyməti 575 manat müəyyən edilib.
Məlumat üçün bildirək ki, haqqında bəhs olunan obyekt “20 Yanvar” metrostansiyasının yaxınlığında inşa olunan 16 mərtəbəli binada yerləşir. Daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan elan saytlarından belə görünür ki, qeyd olunan binada yaşayış və qeyri-yaşayış sahələrinin qiyməti hərraca çıxarılan obyektin ilkin bazar qiymətindən dəfələrlə yüksəkdir. Məsələn, bu ayın əvvəlində elan saytlarının birində yer alan məlumatdan belə görünür ki, kvadrat metri 575 manatdan hərraca çıxarılan obyekt ilə eyni binada yerləşən yaşayış mənzilinin kvadrat metri 2 800 manatdan satışa çıxarılıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz