Niyə körpəlik dövründə yaşadıqlarımızı xatırlamırıq? – Araşdırma


İnsanlar uşaqlıq dövrünə aid bir çox hadisəni xatırlaya bilsə də, körpəlik illəri demək olar ki, heç kəsin yaddaşında qalmır.
Yeniavaz.com
“Science” jurnalında dərc olunan məqaləyə istinadən xəbər verir ki, həyatın ilk illərinə aid hadisələri xatırlaya bilməmək “körpə amneziyası” adlanır. İnsan beyni xatirələri həyatın çox erkən dövrlərində belə kodlasa da, bu erkən xatirələrin zamanla necə dəyişdiyi və ya hara “yox olduğu” hələ də araşdırılır.
Tədqiqatçılar körpələr üzərində maraqlı bir araşdırma aparıblar. Onlara müxtəlif yeni şəkillər göstərilib və daha sonra həmin görüntüləri xatırlayıb-xatırlamadıqları yoxlanılıb. Nəticələr göstərib ki, körpə bir şəkli ilk dəfə gördükdə beynin hipokampus adlanan hissəsi daha aktiv işləyirsə, həmin şəkli sonradan tanıma ehtimalı da artır.
Araşdırma 4 aydan 2 yaşa qədər 26 körpə üzərində aparılıb. Körpələrə yeni üzlər, obyektlər və mənzərələr göstərilib. Daha sonra həmin görüntülər başqa yeni şəkillərlə yanaşı təqdim olunub. Elm adamları körpələrin hansı şəkillərə daha uzun baxdığını müşahidə ediblər. Çünki körpələr adətən tanış bildikləri şəkillərə daha çox baxırlar.
Nəticələr xüsusilə 12 aydan böyük uşaqlarda daha güclü müşahidə olunub. Bu isə beynin inkişafı ilə yaddaşın formalaşması arasında mərhələli bir əlaqə olduğunu göstərir.
Eyni zamanda, körpələr şəkillərə baxarkən onların beyin fəaliyyəti funksional maqnit rezonans tomoqrafiyası (fMRT) ilə ölçülüb. Məqsəd hipokampusun yaddaş formalaşmasındakı rolunu müəyyənləşdirmək olub.
Nəticələr göstərib ki, hipokampus nə qədər aktiv işləyirsə, körpə sonradan həmin şəkli bir o qədər yaxşı tanıyır.

DİGƏR XƏBƏRLƏR

Top