
Fransa Prezidenti Emmanuel Makron prezidentlik müddəti bitdikdən sonra siyasətdən ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Nikosiyada Fransız-Kipr məktəbində şagirdlərlə görüşdə bildirib.
Onun çıxışı Yelisey Sarayının veb saytında yayımlanıb.
“Mən əvvəllər siyasətlə məşğul olmamışam və bundan sonra da məşğul olmayacağam”, - deyə Makron qeyd edib.
RTL radiosu hesab edir ki, Fransa lideri bununla prezidentlik müddətinin bitməsindən sonra siyasətdən getmək niyyətini açıq şəkildə bəyan edir.
BFMTV telekanalı və “Le Parisien” qəzeti də RTL radiosunun bu fikrini bölüşür.
Fransada prezident seçkilərinin birinci turu 2027-ci ilin aprel ayına planlaşdırılır. Hələlik konkret tarix müəyyən edilməyib, lakin onun Makronun səlahiyyət müddətinin bitməsindən (13 may 2027-ci il) 20-35 gün əvvəl baş tutacağı gözlənilir.
Əgər prezidentliyə namizədlərdən heç biri birinci turda səslərin 50%-dən çoxunu toplaya bilməsə, ən yüksək səs toplayan iki namizəd iki həftə sonra keçiriləcək ikinci səsvermə turunda iştirak edəcək.
İkinci prezidentlik müddəti bitdikdən sonra Makron artıq prezidentliyə namizədliyini irəli sürə bilməyəcək, çünki konstitusiya prezidentin səlahiyyətlərini iki mandatla məhdudlaşdırır.
Tətbiqimizi yükləyə bilərsiniz