
Ukraynanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “General Chereshnya” şirkəti yeni kamikadze tipli pilotsuz uçuş aparatının kütləvi istehsalına başladığını elan edib.
Yeniavaz.com xəbər verir ki, “Xmarinka” (“Bulud”) adlandırılan dronun əsas xüsusiyyəti 7 kiloqrama qədər faydalı yük daşımaq qabiliyyətidir.
Şirkətin açıqlamasına görə, yeni model taktiki dərinlikdə yerləşən hədəflərə qarşı istifadə üçün nəzərdə tutulub və ucuz, eyni zamanda genişmiqyaslı istehsala uyğun həll kimi təqdim olunur. Pilotsuz aparatın maksimal uçuş məsafəsi 50 kilometr, havada qalma müddəti isə 60 dəqiqəyə qədərdir. Dron saatda 140 kilometr sürət yığa bilir.
İstehsalçının yaydığı məlumata əsasən, “Xmarinka”nın qanad açıqlığı 196 santimetr, uzunluğu 153 santimetr, hündürlüyü isə 33 santimetr təşkil edir. Aparat katapult vasitəsilə buraxılır ki, bu da xüsusi uçuş zolağına ehtiyac olmadan sahə şəraitində operativ istifadəyə imkan yaradır.
Layihənin hazırlanması zamanı əsas diqqət aşağı maya dəyəri və kütləvi istehsal imkanlarının təmin olunmasına yönəldilib. Şirkət bildirir ki, dron Rusiya qüvvələrinin “boz zona”da istifadə etdiyi texnoloji vasitələrə cavab olaraq yaradılıb və həm hücum, həm də taktiki əməliyyatlarda effektiv istifadə üçün nəzərdə tutulur.
“General Chereshnya” qeyd edir ki, yeni pilotsuz aparat artıq tam sınaq mərhələsini başa vurub və seriyalı istehsala hazırdır. İlk mərhələdə 150 ədəd dron Ukraynanın təhlükəsizlik və müdafiə qüvvələrinə pulsuz təqdim ediləcək. Məqsəd cəbhə xəttindən real istifadə təcrübəsi əsasında rəy və tövsiyələrin toplanmasıdır.
Məlumat üçün bildirək ki, “General Chereshnya” kamikadze FPV və kəşfiyyat dronlarının hazırlanması üzrə ixtisaslaşmış Ukrayna startapıdır. 2025-ci ilin ilk yarısında şirkətin gəliri 1,5 milyard qrivna təşkil edib, aylıq istehsal həcmi isə təxminən 50 min drona çatıb. Şirkətin məhsul portfelinə FPV modellərlə yanaşı, “Güllə” tipli tutucu sistemlər və “General Chereshnya AIR” əks-kəşfiyyat dronları da daxildir.
Tətbiqimizi yükləyə bilərsiniz