9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama


“Nə yaxşıdı deyirəm, hamı yüksək nəticələri fəxrlə paylaşır. Mən də bu sevinci yaşamaq istəyirdim, 1-ci zona üzrə imtahan verən biri olaraq...”.
Yeniavaz.com
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında iştirak etmiş abituriyentlərdən biri sosial şəbəkə hesabında yazıb.
Məlum olduğu kimi, dünən, 15 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.
Nəticələr açıqlandıqdan sonra sosial şəbəkələrdə 15 mart imtahanının 9 mart imtahanına nisbətən daha asan olması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
Qeyd edək ki, imtahan iştirakçıları arasında 9 martda 2 nəfər, 15 martda isə 9 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
“9 və 15 mart imtahanları arasında kəskin fərq olmasa da, gözlə görünə biləcək konkret fərqlər var idi. Heç nə yox, elə maksimum bal toplayan şagirdlərin sayından bunu müəyyən etmək olur. 1-ci zonanın uşaqları çoxmu zəif idi? Əlbəttə ki, xeyr. Sadəcə çətinliyin bariz nümunəsi oldu 1-ci zona” ,– digər abituriyent imtahanla bağlı təəssüratlarını belə ifadə edib.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, suallar bir neçə ay əvvəl hazırlanır, təsdiqlənir və onların dəyişdirilməsi mümkün deyil: “Bəli, müzakirələr artıq başlayıb, amma burada artıq sualların tərtib olunmasından söhbət gedə bilər, qısa müddətdə dəyişdirilməsindən yox. Çünki Dövlət İmtahan Mərkəzinin test bankı bir neçə ay əvvəl artıq hazırlanır, təsdiqlənir və onun dəyişdirilməsi mümkün deyil”.

Məzahir Məmmədli

Təhsil eksperti qeyd edir ki, yüksək göstəricilər sadəcə psixoloji üstünlüyün hesabına izah oluna bilər: “Birinci zona imtahanlarında müəyyən psixoloji gərginlik formalaşmışdı. Orada açıq tipli sualların məntiqə söykənməsi və giriş mətnləri formasında tərtib olunması ümumi bir gərginlik yaratmışdı. Yəni 9 martda imtahan verib çıxanların növbəti mərhələ üçün müəyyən bir piarı qurulmuşdu. Abituriyentlərə məlum olmuşdu ki, açıq tipli suallar çətindir, məntiqi yönümlüdür və mətnlər genişdir. Buna görə də növbəti mərhələdə imtahana girənlər vaxtı düzgün bölə bildilər və nəticədə 9 nəfər maksimum nəticə göstərə bildi”.
Məzahir Məmmədli həmçinin bildirib ki, hansı illərdə imtahan sualları daha asan olubsa, həmin illərdə nəticələr də daha yüksək olur: “Qaldı ümumi nəticələrə, əlbəttə ki, son 5 ilin nəticələrini müzakirə etsək, görərik ki, 2021-ci ildə cəmi 2 nəfər, 2022-ci ildə cəmi 2 nəfər, 2023-cü ildə ümumiyyətlə maksimum 300 nəticə olmayıb. 2024-cü ildə 53 nəfər, 2025-ci ildə isə bu rəqəm 44 nəfər olub. Yəni görünür ki, hansı illərdə imtahan sualları daha asan olubsa, həmin illərdə nəticələr də daha yüksək olub”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top