
Qadınların kişilərin diqqətini cəlb etmək üçün rəqib kimi gördükləri qadınlar haqqında qeybət etdiyi müəyyən olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Evolutionary Psychological Science” jurnalında dərc olunan məqalədə qeyd olunub.
Araşdırma göstərib ki, həm qadınlar, həm də kişilər qeybət etsə də, qadınlar rəqib kimi gördükləri qadınların nüfuzunu azaltmaq məqsədilə qeybətə daha çox meyl göstərirlər.
Tədqiqatçı Adam Devisin rəhbərlik etdiyi araşdırmada 17–30 yaş arası 290 Kanada universitet tələbəsi iştirak edib. İştirakçılara öz cinslərindən olan insanlarla rəqabət səviyyəsi, qeybət etmə meyli, qeybətin sosial dəyəri və bu davranışa münasibət barədə suallar verilib.
Nəticələrə əsasən, öz cinsi ilə rəqabət aparan şəxslər daha çox qeybət etməyə meylli olublar. Qadınlar kişilərlə müqayisədə qeybətə daha çox üstünlük verib, bu prosesdən daha çox zövq aldıqlarını və onu sosial baxımdan faydalı hesab etdiklərini bildiriblər. Kişilərin isə daha çox başqalarının nailiyyətləri və sosial statusu barədə danışdığı müəyyən edilib.
Qadınların qeybət mövzuları əsasən görünüş və sosial münasibətlər üzərində cəmləşib, kişilərdə isə resurslar və güc göstəriciləri daha ön planda olub.
Tədqiqatçı Adam Devisə görə, qeybət sadəcə mənfi bir davranış deyil, insanların sosial mühitdə üstünlük qazanmaq üçün istifadə etdiyi ünsiyyət formasıdır.
Tətbiqimizi yükləyə bilərsiniz