Rusiya Qazaxıstan neftinin Almaniyaya tədarükünü dayandırır?


Rusiya 2026-cı il mayın 1-dən etibarən Qazaxıstandan Almaniyaya Drujba boru kəməri vasitəsilə neft tədarükünü dayandırmağı planlaşdırır.
Yeniavaz.com
“Reuters” xəbər verir ki, yenilənmiş ixrac cədvəli artıq həm Qazaxıstana, həm də Almaniyaya təqdim olunub. Təchizatın dayandırılması, İranla gərginlik fonunda enerji təminatında çətinliklərlə üzləşən Almaniya üçün əlavə risk yarada bilər.
Statistik göstəricilərə əsasən, 2025-ci ildə Drujba xətti ilə Almaniyaya nəql edilən Qazaxıstan neftinin həcmi 2,146 milyon tona (gündə təxminən 43 min barel) çatıb. Bu, əvvəlki illə müqayisədə 44 faiz artım deməkdir. 2026-cı ilin ilk rübündə isə tədarük 730 min ton təşkil edib.
Məlumata görə, tranzitin tam dayandırılması Almaniyanın ən iri neft emalı müəssisələrindən biri olan PCK neft emalı zavodu üçün ciddi nəticələr doğura bilər. Hesablamalara əsasən, fasilə zavodun illik emal gücünü təxminən 17 faiz azaldacaq. Qeyd olunur ki, bu müəssisə Berlin və Brandenburq regionlarında avtomobillərin təxminən 90 faizinin yanacaq təminatını həyata keçirir.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Rusiya Energetika Nazirliyi sorğulara cavab verməyib. Kremlin sözçüsü Dmitri Peskov isə qərar barədə məlumatının olmadığını bildirib və məsələni araşdıracağını qeyd edib.
Eyni zamanda, nə Qazaxıstanın Energetika Nazirliyi, nə də Almaniya hökuməti hələlik məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top