Latviya Prezidenti Fəxri və Şəhidlər xiyabanlarına getdi – Fotolar


Azərbaycanda rəsmi səfərdə olan Latviyanın Prezidenti Edqars Rinkeviçs aprelin 22-də Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yeniavaz.com
xəbər verir ki, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.
Latviya Prezidenti Edqars Rinkeviçs daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olanların xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Azərbaycan paytaxtının mənzərəsini seyr edən Latviya Prezidentinə Şəhidlər xiyabanının tarixi, bu məkanın xalqın yaddaşında tutduğu xüsusi yer və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.



DİGƏR XƏBƏRLƏR

Top