“SpaceX”in baş əməliyyat direktoru bir ildə 86 milyon dollar mükafat alıb


“SpaceX” şirkətinin prezidenti Qven Şotvell ötən il 85,8 milyon dollar həcmində ümumi mükafat əldə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi şirkətin investisiya prospektinə istinadən məlumat yayıb.
Bu göstərici onu ABŞ-də ən yüksək maaş alan top-menecerlərdən birinə çevirir.
Şotvell eyni zamanda şirkətin baş əməliyyat direktoru vəzifəsini icra edir və onun baza maaşı 1 milyon dollar təşkil edib. Kompensasiyanın əsas hissəsi isə səhm opsionları və müxtəlif mükafat paketlərindən formalaşıb.
Sözügedən sənəd şirkətlərin IPO öncəsi maliyyə vəziyyətini və risklərini açıqlamaq üçün istifadə olunur. Məlumata görə, İlon Maskın rəhbərlik etdiyi “SpaceX” ABŞ-də ilkin kütləvi təklif (IPO) üçün məxfi ərizə təqdim edib. Bu addımın şirkətin təxminən 1,75 trilyon dollar dəyərində rekord səviyyəli qiymətləndirilməsinə yol aça biləcəyi bildirilir.
Sənəddə diqqət çəkən digər məqam isə İlon Maskın özünə təyin etdiyi maaşdır. Belə ki, milyarder CEO kimi illik cəmi 54 min 80 dollar maaş alır. Şirkətin maliyyə direktoru Brett Conson isə ümumilikdə 9,8 milyon dollar gəlir əldə edib.
“Forbes” jurnalının məlumatına görə, Qven Şotvellin şəxsi sərvəti 3,4 milyard dollar səviyyəsində qiymətləndirilir.
Qeyd edək ki, İlon Mask “SpaceX”in ictimai siması kimi tanınsa da, şirkətin gündəlik əməliyyatlarının böyük hissəsini 62 yaşlı Qven Şotvell idarə edir.

DİGƏR XƏBƏRLƏR

Top