
İctimai məkanlarda açıq “Wi-Fi” şəbəkələrinə qoşulmaq şəxsi məlumatlarınız üçün təhlükə yarada bilər.
Yeniavaz.com “Sözcü” qəzetinə istinadən xəbər verir ki, smartfonlarda mövcud olan “Wi-Fi” şəbəkələrinə avtomatik qoşulma funksiyası istifadəçiləri “Evil Twin” (saxta “Wi-Fi”) hücumlarına qarşı həssas vəziyyətə sala bilər.
Belə ki, “Wi-Fi” funksiyası aktiv olduqda mobil cihazlar ətraf mühitdə daha əvvəl qoşulduqları şəbəkələri (SSID) avtomatik olaraq axtarır. Kibercinayətkarlar isə bu xüsusiyyətdən istifadə edərək “Starbucks WiFi”, “Free WiFi” və ya “Airport Guest” kimi tanış və etibarlı görünən adlarla saxta giriş nöqtələri yaradır. Nəticədə cihazlar bu şəbəkələri real hesab edərək avtomatik qoşulur.
Bu zaman hücum edən şəxslər istifadəçi ilə internet arasında ötürülən məlumatlara nəzarət edə bilir. Bu isə istifadəçinin daxil olduğu saytların izlənməsi, təhlükəsiz bağlantıların zəiflədilməsi və saxta giriş səhifələri vasitəsilə şəxsi məlumatların ələ keçirilməsi kimi risklər yaradır. Eyni zamanda, şifrələnməmiş mesajlar və e-poçt yazışmaları üçüncü şəxslər tərəfindən oxuna bilər.
Qeyd edək ki, yeni nəsil smartfonlarda müəyyən təhlükəsizlik mexanizmləri tətbiq olunsa da, köhnə cihazlar və yenilənməmiş əməliyyat sistemləri bu tip hücumlara qarşı daha həssasdır.
Təhlükəsizlik mütəxəssisləri istifadəçilərə “Wi-Fi” şəbəkələrinə avtomatik qoşulma funksiyasını deaktiv etməyi, istifadə olunan ictimai şəbəkələri sonradan cihaz yaddaşından silməyi, açıq şəbəkələrdə VPN-dən istifadə etməyi və qoşulmazdan əvvəl şəbəkənin doğruluğunu yoxlamağı tövsiyə edir.
Tətbiqimizi yükləyə bilərsiniz