
Ötən gün Bakıda 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin vəziyyəti açıqlanıb.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, hazırda şagirdin müalicəsi davam etdirilir: “Ötən gün yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 2011-ci il təvəllüdlü yeniyetmənin (kişi) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.
Qeyd edək ki, ötən gün Bakıda 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü sinif yoldaşının üzərinə spirt tökərək alışqanla yandırıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.
İnsidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Həmin şagirdin autizm sindromlu olduğu bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz