Son 2 ildə “romantik fırıldaqçılıq” halları 20% artıb


Məlum olduğu kimi, onlayn fırıldaqçılıq halları son illərdə artaraq minlərlə insanın böyük məbləğdə pul itirməsinə səbəb olur.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, fırıldaqçılıq metodları getdikcə daha təhlükəli hala gəlir. İnternetdə qurulan saxta münasibətlər və aldadıcı mesajlar vasitəsilə insanlar asanlıqla maliyyə tələsinə düşür.
Məsələn, 2024-cü ildə İngiltərənin Şimali Yorkşir bölgəsində yaşayan 40 yaşlı Kirsti tanışlıq saytında özünü Türkiyədə işləyən ingilis iş adamı kimi təqdim edən şəxslə tanış olub. Həmin şəxs saxta bank hesabı göstərərək 600 min dollar vəsaiti olduğunu iddia edib və qadının etibarını qazanıb.
Qısa müddət sonra o, guya qarət edildiyini bildirərək qadından telefon və pul istəyib. Kirsti iki ay ərzində müxtəlif yollarla ümumilikdə 80 min funt sterlinq vəsait göndərib. Daha sonra məlum olub ki, telefon Nigeriyaya, pullar isə müxtəlif ölkələrdəki bank hesablarına yönləndirilib.
Qeyd edək ki, bu cür hallar təkcə Kirsti ilə məhdudlaşmır, sosial şəbəkələr üzərindən qurulan tanışlıqlar bir çox insanın qısa müddətdə ciddi maliyyə itkiləri yaşamasına gətirib çıxarır.
Məlumata görə, bu tip “romantik fırıldaqçılıq” halları 2024–2025-ci illər arasında 20% artıb. Təkcə 2024-cü ildə Böyük Britaniyada bu tip cinayətlər nəticəsində 106 milyon funt zərər qeydə alınıb. Qlobal Anti-Fırıldaq Alyansının məlumatına əsasən, dünyada illik zərər yarım trilyon dolları ötüb.
Araşdırmalar göstərir ki, fırıldaq mərkəzlərinin bir qismi Cənub-Şərqi Asiyada, xüsusilə Myanma və Kambocada fəaliyyət göstərir. Burada bəzi insanlar iş vədi ilə aldadılaraq gətirilir və daha sonra zorla bu cinayətlərə cəlb olunur.
Mütəxəssislər xəbərdarlıq edir ki, texnologiyanın inkişafı ilə fırıldaq üsulları daha da mürəkkəbləşir və vətəndaşların diqqətli olması vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top