
Avstriyada aparılan yoxlamalar zamanı uşaq qidası bankasında siçovul zəhəri aşkarlanıb.
Yeniavaz.com AFP-yə isyinadən xəbər verir ki, hadisə ilə bağlı Almaniyanın məşhur qida istehsalçısı “HiPP” müəyyən məhsul xəttini geri çağırmaq qərarı verib.
Avstriyanın Burgenland vilayətinin polisi açıqlayıb ki, araşdırma çərçivəsində təkcə Avstriyada deyil, həmçinin Çexiya və Slovakiyada da məhsul nümunələri müsadirə edilib. Laborator analizlər nəticəsində götürülmüş nümunələrdən birində siçovul zəhərinin izləri təsdiqlənib.
Bazar günü “HiPP” şirkəti açıqlama verərək bildirib ki, istehsal prosesi və keyfiyyətə nəzarət sistemləri tam qaydasındadır və insident istehsalla əlaqəli deyil. Şirkət hadisənin kənar müdaxilə – saxtalaşdırma ehtimalı ilə bağlı olduğunu vurğulayıb.
Avstriyanın qida təhlükəsizliyi qurumu isə ehtimal edir ki, zəhərin məhsula əlavə olunması şantaj məqsədli planın bir hissəsi ola bilər.
İstehlakçılara xəbərdarlıq edilib ki, alt hissəsində qırmızı dairə olan ağ etiketlə tanınan məhsulları istifadə etməsinlər və aldıqları mağazaya geri qaytarsınlar. Çexiya polisi də oxşar xəbərdarlıqla çıxış edib.
Qeyd edək ki, son aylarda Avropada uşaq qidaları ilə bağlı narahatlıqlar artıb. “Nestle”, “Danone” və “Lactalis” kimi iri istehsalçılar da daxil olmaqla bir sıra şirkətlər 60-dan çox ölkədə satışda olan məhsulları potensial toksin çirklənməsi səbəbindən geri çağırıblar.
Fransa rəsmilərinin məlumatına görə, bəzi hallarda zəhərli maddə olan sereulidlə çirklənmiş süd qarışıqları körpələrdə ürəkbulanma, qusma və ishala səbəb olub, hətta ölüm halları qeydə alınıb. Bununla belə, mart ayında Fransa prokurorluğu yanvar ayında baş verən bir körpə ölümünün bu məhsullarla əlaqəli olmadığını açıqlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz