
ABŞ-də benzin qiymətlərinin yaxın aylarda aşağı düşəcəyi gözlənsə də, qallon üçün 3 dollardan aşağı enməsi ən azı gələn ilə qədər baş verməyə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin enerji naziri Kris Rayt CNN telekanalına müsahibəsində məlumat verib.
Nazirin sözlərinə görə, ilin sonuna doğru qiymətlərin müəyyən qədər enməsi mümkündür, lakin bu həddin dərhal aşılması ehtimalı zəifdir. O bildirib ki, hazırda qiymətlər artıq pik nöqtəyə çatıb və eniş mərhələsinə keçə bilər.
Rayt qiymətlərin gələcək dinamikasını əsasən geosiyasi vəziyyətlə əlaqələndirib. Onun fikrincə, xüsusilə İranla bağlı gərginliyin azalması enerji bazarlarında ümumi ucuzlaşmaya səbəb ola bilər.
Qeyd edək ki, İranla münaqişənin başlanmasından sonra ABŞ-də adi qurğuşunsuz benzinin qiyməti qallon başına 1 dollardan çox artıb. Bu artım əsasən Hörmüz boğazı üzərindən qlobal neft tədarükündə yaranan fasilələrlə izah olunur.
Xatırladaq ki, təxminən altı həftə əvvəl Kris Rayt qiymət artımının qısamüddətli olacağını və bunun “aylarla deyil, həftələrlə” ölçüləcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz