
İranın Hörmüz boğazı ətrafında atdığı addımlar tərəflər arasında əldə olunan atəşkəs razılaşmasının pozulması deməkdir.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, İran qüvvələri bölgədə bir neçə gəmini hədəfə alıb: “Onların çoxu Fransa gəmisini və Birləşmiş Krallıqdan gələn yük gəmisini vurmağa çalışıb. Bu, açıq şəkildə qəbuledilməzdir”.
ABŞ prezidenti bildirib ki, Vaşinqtonun nümayəndə heyəti danışıqlar üçün İslamabad şəhərinə yollanır və yaxın günlərdə İran tərəfi ilə təmaslar gözlənilir. O, eyni zamanda İranın boğazı bağlama qərarını “qəribə” adlandıraraq qeyd edib ki, ABŞ-nin tətbiq etdiyi blokada artıq regionda nəqliyyata ciddi təsir göstərir.
Tramp iddia edib ki, bu vəziyyət İrana ciddi iqtisadi zərbə vurur: “Onlar keçidin bağlanmasına görə gündə təxminən 500 milyon dollar itirirlər”.
ABŞ prezidentinin fikrincə, yaranmış vəziyyət Vaşinqton üçün əlavə iqtisadi imkanlar da açır. O bildirib ki, bir sıra gəmilər artıq ABŞ-nin enerji limanlarına – xüsusilə Texas, Luiziana və Alyaska istiqamətinə yönəlir.
Bununla yanaşı, Tramp İrana ultimativ mesaj da göndərib. O vurğulayıb ki, ABŞ “ədalətli və məntiqli razılaşma” təklif edir və Tehran bunu qəbul etməsə, nəticələr ağır olacaq: “Əgər razılaşma əldə olunmasa, ABŞ İrandakı elektrik stansiyalarını və körpüləri sıradan çıxara bilər”.
Prezident çıxışında əvvəlki administrasiyaları da tənqid edərək bildirib ki, İran məsələsində daha sərt addımların vaxtı çatıb: “Artıq “yaxşı oğlan” olmaq dövrü bitdi. Onlar tezliklə təslim olacaqlar”.
Sonda Tramp əlavə edib ki, “İranın qətl maşınını dayandırmağın vaxtıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz