
Çinin paytaxtı Pekində keçirilən beynəlxalq yarımmarafon yarışında təxminən 12 min iştirakçı ilə yanaşı, 300-ə yaxın robot da mübarizə aparıb.
Yeniavaz.com xəbər verir ki, yarışda “Qitian Dasheng” komandasının hazırladığı “Şandyan” (“İldırım”) adlı robot finiş xəttini birinci keçib.
Robot 21 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək ötən ilin rekordunu üç dəfədən çox yaxşılaşdırıb. Təşkilatçıların bildirdiyinə görə, bu nəticə yarımmarafon üzrə insanlara məxsus dünya rekordundan da yüksəkdir. Mövcud insan rekordu 56 dəqiqə 42 saniyə hesab olunur.
İnsan iştirakçılar arasında kişilər arasında qələbəni çinli atlet Çjao Haycze 1 saat 7 dəqiqə 47 saniyə, qadınlar arasında isə Van Qyaosya 1 saat 18 dəqiqə 6 saniyə nəticə ilə qazanıb. Yarışa ümumilikdə 32,4 mindən çox 18 yaşdan yuxarı şəxs müraciət edib.
Robotlar yarışda 100-dən çox komanda tərəfindən təqdim olunub. Onlardan beşi xarici ölkələri təmsil edib. Təşkilatçıların məlumatına əsasən, komandaların təxminən 40 faizi avtonom, 60 faizi isə məsafədən idarə olunan robotlardan istifadə edib. Robotlar insanlarla eyni marşrut üzrə hərəkət etsələr də, onlar üçün ayrıca zolaq ayrılıb.
Qeyd edək ki, 2025-ci ildə Çin Yüngül Atletika Assosiasiyası bu yarımmarafona süni intellektin iştirakı ilə keçirilən rəsmi yarış statusu verib. Bu il yarış demək olar ki, texniki nasazlıqlar olmadan baş tutub və tədbiri dünyanın müxtəlif ölkələrindən jurnalistlər işıqlandırıb.
Robotların boyu qaydalara əsasən 75 santimetrdən az, 1,8 metrdən isə çox olmamalıdır.
Xatırladaq ki, dünyada humanoid robotların iştirakı ilə ilk yarımmarafon 19 aprel 2025-ci ildə Pekinin cənub-şərqində təşkil olunmuşdu. Həmin yarışda “Tyangun 1.2 max” adlı, 1,8 metr boyunda və 52 kiloqram çəkidə robot 2 saat 40 dəqiqə nəticə ilə qalib olmuşdu.
Tətbiqimizi yükləyə bilərsiniz