
Başlıqdakı bu sözlərlə demək olar ki, bütün gəlinlər qayınanalara, bütün qayınanalar da gəlinlərə müraciət edirlər. Elə isə gəlinlər və qayınanalar bir-biriləri ilə necə davranmalıdırlar? Aşağıdakı yazıda bu sualın cavabını axtarmağa çalışaq.
Gəlinlər necə davranmalıdırlar?
- Qayınananızı ananızdan ayırmayın. Özünüzün də bir gün qayınana olacağınızı unutmayın.
- Onun səhv tərəflərini görməməzliyə vurun, düz tərəflərini isə hamıya danışın.
- Qayınananıza sevginizi ifadə etməkdən çəkinməyin.
- Aradakı nəsil fərqini nəzərə alaraq anlaşılmazlıqları səmimi qarşılamağa çalışın.
- Bayramlarda, əlamətdar günlərdə qayınananıza qonaq gedin və ya zəng edin.
- Həyat yoldaşınızın ata-anasını tez-tez görməsindən narahat olmayın. Unutmayın ki, onun ata-anasına nə qədər ehtiyacı varsa, sizin də ata-ananıza o qədər ehtiyacınız var.
- Ananızla mübahisə etdikdən sonra onun necə könlünü alırsınızsa, qayınananızla da mübahisə etdikdən sonra onun könlünü o cür alın.
Qayınanalar necə davranmalıdırlar?
- Gəlininizi qızınızdan ayırmayın. Özünüzün də bir vaxtlar gəlin olduğunuzu xatırlayın.
- Gəlininizə səhv tərəflərini xətrinə dəymədən deyin, düz tərəflərini isə hamıya danışın.
- Gəlininizə sevginizi ifadə etməkdən çəkinməyin.
- Gəlininizin gördüyü hər işə müdaxilə etməyin, bəzən sizin istədiklərinizi etməsə belə, bunu səmimi qarşılamağa çalışın.
- Bir də unutmayın ki, siz gəlininizlə nə qədər xoşbəxt olsanız, oğlunuz da gəlininzlə o qədər xoşbəxt olacaq.
- Gəlininizin ata-anasını tez-tez görməsindən narahat olmayın. Siz də sizi tez-tez görməyə gələn qızınızı xatırlayın.
- Bəzən qızınızın şıltaqlıq edə biləcəyi kimi, gəlininizin də şıltaqlıq edə biləcəyini unutmayın.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz