
Türkiyədə baş verən faciəvi hadisədən sonra televiziya və yutub kanallarında insanlara təqdim edilənlərdə dəyişikliklər edilməyə başlandı. Minlərlə, hətta milyonlarla izləyicisi olan serialların həftəlik yayımı nümayiş olunmadı, ssenarilərində dəyişiklik ediləcəyi deyilir. Milyonlarla abunəsi olan daha çox uşaq və yeniyetmələrə xitab edən yutub kanalları bağlandı. Sosial şəbəkələrdə mütəxəssislər, tanınmış simalar, müxtəlif peşə sahibləri münasibət bildirdi, çağırışlar etdilər.
İndi kiminsə ağlına gələ bilər ki, Türkiyədə baş verən hadisələrdən Azərbaycana nə dəxli var? Türkiyədə uşaqlara təqdim edilən kontent həm də azərbaycanlı uşaqların maraq mərkəzidir. Ona görə istər seriallar, istər filmlər, istərsə də izləyiciləri daha çox uşaqlar olan yutub kanalları həm də ölkəmizdə hədsiz izlənilir.
Sonuncu hadisədəki 14 yaşlı məktəblinin qeydləri olduğu deyilən yazı yayımlandı. Həmin qeyddə o yeniyetmənin hansı duyğular içərisində, necə psixologiyada olduğu aydın hiss olunur.
“Çox təhyayam. Demək olar, heç dostum yoxdur, iki nəfər dostum var, onlarla da çox vaxt danışmırıq. Ailəm mənə niftət edir, məndən qorxur, ümidlərini doğrultmamışam. Həyatım boyu həmişə tək olmuşam. Səbəbini bilmirəm, əslində çox şeyim var. Həmişə insanlarla qaynayıb qarışmağa çalışdım, amma həmişə tək qaldım. İnsanların məni tanıması, görməsi xoşuma gəlir. İstəyirəm ki, bu dünyadakı varlığımı, verəcəyim zərəri hiss etsinlər”, - bu həmin yeniyetmənin yazdığı qeydlərdəndir.
Görünən odur ki, yeniyetmə tək qalıb, dostu yoxdur, ailəsinin onu sevdiyini hiss etmir, hətta əksini hiss edir. Özünə qapanır, diqqət mərkəzində olmağa çalışır, onu görmürlər, bir az daha çalışır, yenə görülmədiyini hiss edir. Beləcə, hər kəsə düşmən kəsilir, zərər verməyə çalışır ki, insanlar onun fərqinə varsınlar, “qəhrəman” olsun.
Yeniyetmə qeydi ingilis dilində yazıb. Yazıda dahi olduğunu, hər kəsdən üstün və IQ səviyyəsinin yüksək olduğunu bildirib. İnsanlar tərəfindən ağıllı, zəkalı yeniyetmə kimi qəbul olunduğunu deyib. Həmçinin ingilis dilini məktəbdə yox, özünün öyrəndiyini qeyd edib. Bunları oxuyandan sonra insanın ağlına, “Bu uşaq sevilsəydi, dostları olsaydı, sevgi göstərilsəydi, görəsən necə olardı?” sualı gəlir.
Sevməklə, birlikdə zaman keçirməklə sonradan baş verə biləcək faciənin qarşısını almaq mümkündür. Övladlarımızı sevməyə gecikməyək...
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz