
Bu ilin yanvar–mart aylarında Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrlə ticarət dövriyyəsi 1 milyard 204,9 milyon dollar olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bunun 389,4 milyon dolları ixracın, 815,5 milyon dolları isə idxalın payına düşüb.
Qeyd edək ki, MDB ölkələrinə ixrac ölkənin ümumi ixracının 7,2%-ni, idxal isə 20,4%-ni təşkil edib. Həm ixracda, həm də idxalda ən böyük pay Rusiyanın olub.
Yanvar–fevral aylarında Azərbaycandan Rusiyaya 223,7 milyon dollar dəyərində məhsul ixrac edilib. Rusiyadan isə 523 milyon dollar dəyərində məhsul idxal olunub.
Məlumat üçün bildirək ki, bu ilin ilk üç ayı ərzində Azərbaycandan Ermənistana 5 milyon 757,5 min dollar dəyərində məhsul ixrac olunub. Eyni zamanda, Ermənistandan Azərbaycana 960 dollar dəyərində məhsul idxal edilib.
Onu da qeyd edək ki, Azərbaycanın Ermənistandan idxalı ilk dəfə həyata keçirilib. Daha əvvəl Ermənistandan Azərbaycana məhsul idxal olunmayıb.
Xatırladaq ki, Azərbaycan Ermənistana ötən ilin dekabr ayından etibarən məhsul ixrac etməyə başlayıb. Dekabr ayında Ermənistana 788,8 min dollar dəyərində 1 210,28 ton “Aİ-95” markalı benzin ixrac edilib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz