Hörmüz boğazının blokadasının davam etdirilməsinin zərərləri nə olacaq?


ABŞ-nin 13 apreldə İrana qarşı başlatdığı hərbi-dəniz blokadası qlobal enerji bazarlarında gərginliyi daha da artırıb.
Yeniavaz.com
“Forbes”ə istinadən xəbər verir ki, bu addım İran mənşəli neftin bazara çıxışını məhdudlaşdırmaq əvəzinə, ümumi bazar balansını pozaraq vəziyyəti daha da pisləşdirə bilər. Hətta ABŞ və İran arasında danışıqların bu həftə bərpa olunacağı təqdirdə belə, Fars körfəzi ölkələrindən neft və mayeləşdirilmiş təbii qaz tədarükünün qısa müddətdə normallaşması real görünmür. Bu isə qiymətlərin yüksək səviyyədə qalacağını göstərir.

Blokadanın başlanması və ilk nəticələr
13 aprel axşamı ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələnməsindən dərhal sonra ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasına start verib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasına görə, İran limanlarına daxil olan və çıxan bütün dəniz nəqliyyatı dayandırılıb. Bununla belə, Hörmüz boğazından keçən gəmilərə birbaşa maneə yaradılmayacağı bildirilib.
ABŞ hərbi qüvvələri tərəfindən yayılan əlavə xəbərdarlıqda qeyd olunub ki, blokada zonasına icazəsiz daxil olan və ya oradan çıxmağa çalışan istənilən gəmi “ələ keçirilmə və ya istiqamətləndirilmə” riski ilə üzləşəcək.
ABŞ prezidenti Donald Trump isə bundan bir gün əvvəl bəyan etmişdi ki, “qanunsuz rüsum ödəyən heç kim dənizdə təhlükəsiz hərəkət edə bilməyəcək”.

Hörmüz boğazında son vəziyyət
İran Hörmüz boğazını bağlasa da, ixracını tam dayandırmayıb. Tehran boğazdan keçən gəmilərdən 2 milyon dollar həcmində ödəniş tələb etdiyini açıqlayıb və bəzi gəmiçilik şirkətlərindən artıq rüsum aldığı bildirilir.
14 aprel səhərində yayılan məlumatlara görə, blokadaya baxmayaraq, BƏƏ-dən metanol daşıyan tanker boğazdan maneəsiz keçərək Fars körfəzini tərk edib. Bundan əlavə, İran limanlarına getməyən iki tanker də əks istiqamətdə hərəkət edə bilib.
Məlumatlara əsasən, hazırda boğazın hər iki tərəfində təxminən 2000 gəmi gözləmə vəziyyətindədir. Bununla belə, bəzi ölkələr, o cümlədən Pakistan, Hindistan, Tayland və İraq öz tankerlərinin keçidi üçün razılıq əldə edə biliblər.

“Sızan blokada” və ixracın davam etməsi
Ekspertlərin fikrincə, blokada tam effektiv deyil. İran neftinin böyük hissəsi hələ də müxtəlif yollarla bazara çıxır. Son məlumatlara görə, Tehran müharibədən əvvəlki səviyyəyə yaxın – gündə təxminən 1,5 milyon barel neft və neft məhsulu ixrac etməyə davam edib. Bu ixracın təxminən 80%-i Çinə yönəlib.
Bununla belə, ABŞ və İsrailin İranın sənaye obyektlərinə, xüsusilə Xarq adasındakı neft infrastrukturlarına hücumları nəticəsində neft məhsullarının payı azalıb.

Qlobal enerji bazarına təsir
OPEC-in məlumatına görə, Qətər istisna olmaqla Körfəz ölkələrində mart ayında neft hasilatı kəskin azalıb və gündəlik 17,128 milyon barelə düşüb. Ekspertlər hazırda regionda ümumi itkilərin gündə təxminən 13 milyon barel olduğunu bildirirlər.
ABŞ-nin blokadası İran ixracını da məhdudlaşdırarsa, bu itkilər gündə əlavə 1,5 milyon barel arta bilər. Əgər münaqişə genişlənərsə və region ölkələrinin infrastrukturu hədəfə alınarsa, ümumi itki gündə 15,5 milyon barelə çata bilər.
Ekspertlər hesab edir ki, ən pis ssenaridə Yaxın Şərqdən neft tədarükü gündə 10 milyon barel azala bilər.

Qiymət proqnozları və mümkün ssenarilər
Hazırkı şəraitdə enerji qiymətlərinin yüksək qalacağı gözlənilir. Analitiklərin proqnozlarına görə, əgər Hörmüz boğazı yaxın zamanda açılarsa, neftin qiyməti 70–80 dollar/barel səviyyəsinə enə bilər.
Münaqişə davam edərsə, Brent markalı neftin qiyməti 95–120 dollar/barel aralığında dəyişə bilər.
Ekspertlər bildirir ki, qiymətləri aşağı sala biləcək əsas amil yalnız qlobal iqtisadi tənəzzül ola bilər.

Danışıqlar və gələcək perspektiv
Bütün gərginliyə baxmayaraq, ABŞ və İran arasında yeni danışıqların keçirilməsi ehtimalı qalır. Məlumatlara görə, tərəflər yaxın günlərdə görüş keçirə bilərlər.
Bəzi mənbələrə görə, Tehran danışıqların pozulmaması üçün Hörmüz boğazında tədarükü qısamüddətli dayandırmağı da nəzərdən keçirir.
Ekspertlər isə hesab edir ki, genişmiqyaslı müharibə ehtimalı aşağıdır. Onların fikrincə, belə bir münaqişə bütün tərəflər üçün son dərəcə baha başa gələcək və nəticədə kompromis variantı daha real görünür.

DİGƏR XƏBƏRLƏR

Top