Qabil Hüseynli: "Rusiya Qarabağda separatçıları açıq şəkildə müdafiə etməyə başlayıb"

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığını, eyni zamanda problemin həllinin separatçı rejimin hüquqi statusunun öncədən müəyyən edilməsindən asılı olduğunu söyləməsi ölkəmizdə özünəməxsus şəkildə əks-səda verməkdədir. Məsələ ilə əlaqədar "Yeniavaz.com"a verdiyi açıqlamasında politoloq Qabil Hüseynli Rusiyanın açıq şəkildə terrorçu rejimi dəstəklədiyini söylədi. Qabil Hüseynli: "Rusiya Azərbaycan-Ermənistan münaqişəsinin həllində artıq kartlarını açır. Moskva birmənalı şəkildə təcavüzkar Ermənistanın mövqeyini müdafiə edərək Azərbaycanın ərazi bütövlyünü təhdid altında qoyan çağırışlar edir. Bir müddət öncə KTMT-nin keçmiş baş katibi Bordyujanın Azərbaycan-Ermənistan sərhədində qarşı tərəfin təxribatı nəticəsində baş verən insidentlə əlaqədar "Dağlıq Qarabağ Respublikası" ifadəsini işlətməsi, bunun ardınca qondarma qurumun komandasının Soçidəki KVN festivalına dəvət edilməsi, indi də Lavrovun Azərbaycanın ərazi bütövlüyünü təhdid edən açıqlama verməsi heç də təsadüfi deyil. Yəni Rusiya Dağlıq Qarabağ separatçılarını açıq şəkildə müdafiə etməyə başlayıb. Halbuki beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütüvlüyü tanınıb, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğal edilən bölgə olduğu vurğulanıb. Belə hesab edirəm ki, Larovun son açıqlamasına yüksək səviyyədə reaksiya verilməli və ölkəmizin ərazi bütövlüyünü təhdi edən açıqlamalarla bağlı izahat tələb edilməli, bunun Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini şübhə altına qoyacağı barədə qarşı tərəfə xəbərdarlıq edilməlidir",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top