
Macarıstan Baş naziri Viktor Orban Macarıstan seçkilərindəki qələbə münasibətilə müxalifətdəki “Tisa” partiyasını təbrik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə partiyanın lideri Peter Madyar “X” sosial şəbəkə səhifəsində bildirib.
Digər tərəfdən, müxalifətdəki “Tisa” partiyası Macarıstan seçkilərində qalib gələrək Milli Assambleyadakı (birpalatalı parlament) 199 yerdən 138-ni əldə edib. Beləliklə, Milli Seçki Bürosu patiyanın ölkənin ən yüksək qanunvericilik orqanında növbəti dörd il ərzində konstitusiya çoxluğuna sahib olacağını açıqlayıb.
“Tisa” lideri, Avropa Parlamentinin üzvü Peter Madyar may ayının əvvəlində keçiriləcək ilk parlament iclasında baş nazir seçiləcək.
Dəqiq tarixi Macarıstan Prezidenti Tamaş Şuyok təyin edəcək. Madyar sağçı mühafizəkar “FİDES-Macarıstan Vətəndaş Birliyi”nə rəhbərlik edən Viktor Orbanın yerini tutacaq. FİDES isə kiçik tərəfdaşı Xristian Demokratik Xalq Partiyası ilə birlikdə parlamentdə 55 yer əldə edib.
Laslo Torotskayın rəhbərlik etdiyi ifrat sağçı “Bizim Vətənimiz” partiyası isə parlamentdə altı yer qazanıb. “Demokratik Koalisiya” da daxil olmaqla digər partiyalar parlamentə düşmək üçün 5%-lik həddi keçə bilməyiblər.
Milli Seçki Bürosu səslərin 98,63%-ni saydıqdan sonra bu nəticələri dərc edib. Ekspertlər qalan bülletenlərin yoxlanılmasının heç bir fərq yaratmayacağını bildirirlər.
Seçkilərdə seçici fəallığı 79,51% təşkil edib ki, bu da Macarıstan tarixində rekord göstəricidir. Səsvermədə 5,9 milyondan çox insan iştirak edib.
Seçkilər dinc şəraitdə keçi və etibarlı elan edilib. Heç bir tərəf nəticələrə etiraz etmək niyyətində olmadığını bildirib. Seçkilərdə Milli Mərkəzi Seçki Komissiyalarından, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan və qeyri-hökumət təşkilatlarından olan beynəlxalq müşahidəçilərdən ibarət böyük bir qrup iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz