Gömrük Komitəsinin hesabatlarında milyonluq "səhvlər" necə edilir? - FOTOFAKT

Dövlət Gömrük Komitəsinin 2015 və 2016-cı illərlə bağlı açıqladığı hesabatlarda Türkiyəyə ixracın dəyərini aralarında 3,7 dəfə fərq olan 2 ayrı rəqəmlə göstərib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinin açıqladığı hesabatlara istinadən bildirir ki, 2016-cı il üçün açıqlanan hesabatda yer alan cədvəllərdən birində (Əlavə 4) göstərilir ki, 2015-ci ildə Türkiyəyə 1 milyard 477,2 milyon dollar dəyərində məhsul ixrac etmişik və nəticədə bu il qardaş ölkəyə etdiyimiz ixracın həcmi 23,3% azalıb. Ancaq Komitənin 2015-ci ilin yekunları ilə bağlı açıqladığı digər bir hesabatda (Əlavə 4) göstərilir ki, 2015-ci ildə bu ölkəyə 304 milyon dollar dəyərində məhsul ixrac edilib.

İlk baxışdan bunun texniki bir səhv olduğu görünə bilər, amma qeyd edək ki, eyni "səhvə" ötən aykı hesabatda da rast gəlmək mümkündür. 2016-cı ilin yanvar-noyabr aylarındakı hesabatda 2015-ci ilin yanvar-noyabrında Türkiyəyə 1 milyard 427 milyon dollarlıq məhsul göndərildiyi göstərilir. Lakin 2015-ci ilin analoji hesabatında bu rəqəmi 5 dəfə az - 281 milyon dollar göstərirlər. Göründüyü kimi ardıcıl 2 hesabatda bu cür "səhvlərin" getməsini texniki yanlışlıq kimi dəyərləndirmək mümkün deyil. Ümid edirik ki, Gömrük Komitəsi məsələyə aydınlıq gətirəcək.

Yeri gəlmişkən onu da qeyd edək ki, Komitənin açıqladığı hər iki hesabatda yekun rəqəmlərdə də fərqlər var. Lakin bu fərqlər Türkiyəyə ixracla bağlı göstəricilərlə müqayisdə böyük deyil. Məsələn, birinci hesabatda (2015-ci il) 2015-ci ildə ümumi ixracın 11 milyard 424 milyon dollar, idxalın isə 9 milyard 221 milyon dollar olduğu, ikinci hesabatda isə (2016-cı il) 2015-ci ildə ümumi ixracın 12 milyard 729 milyon dollar, idxalın isə 9 milyard 216 milyon dollar olduğu göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top