
Macarıstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə müxalifətdəki Tisza partiyası ciddi üstünlük əldə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin seçki komissiyasının açıqladığı ilkin rəqəmlərə əsasən, səslərin 45,7%-i sayıldıqdan sonra Tisza partiyası 199 yerlik parlamentdə 135 mandat qazanır. Bu nəticə partiyaya parlamentdə üçdə iki səs çoxluğu əldə etmək imkanı verir.
Ekspertlər hesab edir ki, belə bir üstünlük Tisza partiyasına geniş institusional islahatlar aparmaq, həmçinin dövlətin əsas qurumlarını yenidən strukturlaşdırmaq üçün hüquqi zəmin yaradır. Üçdə iki çoxluq Macarıstanda konstitusion dəyişikliklər daxil olmaqla mühüm qərarların qəbulunu asanlaşdırır.
Hazırkı nəticələrə görə, 16 ildir hakimiyyətdə olan Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Fidesz Partiyası parlamentdə 57 yer qazanır.
Səslərin sayılması davam edir və yekun nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz