Uşağınıza təşəkkür edirsinizmi?


Yəqin ki, bu suala cavabınız müsbət olacaq. Elə isə təşəkkür etmək nə üçün vacibdir? Təkcə uşağınızı sevindirmək üçünmü? Təbii ki, xeyr. Valideynlərin uşaqları ilə bağlı yol verdikləri ən böyük səhvlərdən biri də uşaqlarına öz prizmalarından baxmalarıdır. Məsələn, uşağınız siz çağırdığnız üçün oyununu yarımçıq qoyub cavab verirsə və ya ondan tələb etdiyiniz bir işi yerinə yetirirsə, bu ciddi mənada təşəkkür tələb edir. Çünki oyun uşağın işidir və o, valideyninin istəyi ilə öz işini yarımçıq qoyur. Elə isə bunu görmək və təşəkkür etmək lazımdır. Ya da sizə bir stəkan su gətirirsə, bu da təşəkkürə layiq bir işdir. Burada əsas məsələ uşağınızın sizin üçün fədakarlıq etməsi, bir dəqiqə belə olsa, vaxtını sizin üçün ayırmasıdır.
Bəs uşağa nə üçün təşəkkür etmək lazımdır? Təşəkkür etmək hər şeydən əvvəl bir insan kimi uşağınızın haqqıdır. Ona təşəkkür etdikcə uşağınız da təşəkkür etməyi öyrənir. Bu, həm də uşağınızın özünə hörmət etməsinə imkan verir. Artıq uşağınız ondan istədiklərinizi daha həyəcanla, daha həvəslə yerinə yetirir.
Təşəkkür həm də uşağa nəzakət öyrətməkdir. Ancaq təşəkkür edərkən əsas məsələ valideynin ifrata varmamasıdır. Məsələn, kiçik bir iş üçün sadə bir təşəkkür də kifayətdir. Buna görə dönə-dönə təşəkkür etmək və ya uşağı lazımsız yerə tərifləmək xeyirdən çox ziyan verə bilər. Uşaq bu şəkildə hərəkətlərinin ideal olduğunu düşünər və zaman keçdikcə bu, onun passivləşməsinə səbəb olar. Ya da uşağa onsuz da görməli olduğu bir iş üçün təşəkkür etmək olmaz. Məsələn, yemək yemək onsuz da onun işidir və yemək yediyi üçün uşağa təşəkkür etmək yersizdir. Əgər bu çox vacibdirsə, uşağınıza razılığnızı ifadə etməklə də kifayətlənə bilərsiniz.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top