
Türkiyənin tanınmış siyasətçilərindən, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüseaməddin Cindoruk vəfat edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cindoruk 25 dekabr 2025-ci ildə evində oksigen saturasiyasının kəskin aşağı düşməsi səbəbilə Koç Universiteti Xəstəxanasına yerləşdirilib. O, burada müalicə altına alınaraq reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun bu gün həyatını itirdiyi bildirilib.
1933-cü ildə İzmir şəhərində anadan olan Cindoruk Ankara Universitetinin Hüquq Fakültəsini bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olub. Siyasi karyerasına Demokrat Partiyada başlayan Cindoruk 1985-ci ildə Doğru Yol Partiyasının sədri seçilib.
1987-ci ildə siyasi qadağaların aradan qaldırılmasından sonra partiya rəhbərliyini Süleyman Dəmirələ təhvil verib. 16 noyabr 1991-ci ildə TBMM sədri seçilən Cindoruk bu vəzifəni 1 oktyabr 1995-ci ilə qədər icra edib.
1993-cü ildə prezident Turqut Özalın vəfatından sonra, 17 aprel – 16 may tarixləri arasında Türkiyə prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirib.
Sonrakı illərdə Tansu Çillərin DYP rəhbəri seçilməsindən sonra Demokrat Türkiyə Partiyasını quran Cindoruk 1999-cu il seçkilərindən sonra aktiv siyasətdən qismən uzaqlaşıb.
2009-cu ildə Demokrat Partiyanın fövqəladə qurultayında yenidən sədr seçilən siyasətçi, partiyanın Anavatan Partiyası ilə birləşməsi prosesində mühüm rol oynayıb. O, siyasi fəaliyyətini 2011-ci ilin yanvar ayına qədər davam etdirib.
Tətbiqimizi yükləyə bilərsiniz