Məcburi köçkünlər üçün təmir edilən evlər qanunsuz satılır?


Laçının Arduşlu kəndindən olan vətəndaşlar Şahin və Vüqar Qədirov qardaşları feysbuk sosial şəbəkəsindəki şəxsi hesablarında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı müxtəlif iddialar paylaşıblar.
Yeniavaz.com
xəbər verir ki, Qədirov qardaşları bildiriblər ki, Qarabağ və Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin məskunlaşması prosesi zamanı dövlət vəsaiti hesabına təmir edilən evlər satışa çıxarılır. 
İttihamlarla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti açıqlama yayıb:
“Qədirov qardaşları tərəfindən şəxsi sosial şəbəkə hesablarında son günlər Komitənin fəaliyyətinə və nüfuzuna xələl gətirəcək əsassız iddialardan, eləcə də Komitənin Aparat rəhbəri Eldar Zeynalovun ünvanına təhqir və böhtan xarakterli ifadələrdən ibarət statuslar paylaşılıb.
İlkin olaraq bildiririk ki, Şahin Qədirov məcburi köçkün kimi dövlət tərəfindən mənzillə təmin olunması üçün müxtəlif vaxtlarda Komitəyə ərizə ilə müraciət etmiş və rəhbərlik tərəfindən qəbul edilərək dinlənilib. Müraciət müəllifinə Komitənin məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunda boş yaşayış sahəsinin olmadığı və məcburi köçkün düşdüyü Arduşlu kəndinin yenidən qurulmasından sonra onun da doğma kəndində evlə təmin edilməsi məsələsinə mövcud qaydalar çərçivəsində baxılacağı barədə rəsmi olaraq məlumat verilib.
Şahin Qədirovun yenidən Komitəyə müraciəti nəzərə alınaraq o, 2026-cı il 8 aprel tarixində Aparat rəhbəri Eldar Zeynalov tərəfindən qəbul edilib. Müraciət müəllifi hazırda fasilələrlə kirayə və qohum evlərində yaşadığını əsas gətirərək, antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrindən birində onun iki otaqdan ibarət evlə təmin olunmasını israrla tələb edib”.
Qeyd edilib ki, aparılmış araşdırma zamanı Ş.Qədirovun həyat yoldaşından rəsmi qaydada boşandığı və bu səbəbdən ona yalnız bir otaqdan ibarət evin verilə biləcəyi müəyyən olunub:
“Bu bərədə, eləcə də hazırda antiterror əməliyyatları zamanı azad edilmiş yaşayış məntəqələrində bərpa edilmiş evlər arasında bir otaqdan ibarət evin olmadığı, gələcəkdə qeyd olunan yaşayış sahəsinə uyğun ev olduğu təqdirdə müraciətinin müsbət həll ediləcəyi onun diqqətinə çatdırılıb.
Bütün qeyd olunanlardan sonra, əsassız tələblərinin yerinə yetirilmədiyini görən Şahin Qədirov, qardaşı Vüqar Qədirovla birgə Dövlət Komitəsinin və onun vəzifəli şəxsinin ünvanına şər və böhtan xarakterli qərəzli fikirlərini sosial şəbəkə hesablarında paylaşıb, öz maraqlarını təmin etmək üçün ictimai çaşqınlıq və dövlət qurumuna inamsızlıq yaratmağa cəhd ediblər.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, dövlət orqanına və ya vəzifəli şəxsə qarşı bilərəkdən yalan, nüfuzdan salan məlumatların (böhtan və təhqir) yayılmasının qanunvericiliyə əsasən hüquqi məsuliyyət yaratdığını vətəndaşların diqqətinə çatdırır və onların qanunazidd hərəkətləri ilə bağlı müvafiq hüquqi tədbirlərin görülməsi üçün məhkəməyə müraciət etmək hüququnu öz üzərində saxlayır”.

DİGƏR XƏBƏRLƏR

Top