Üç heykəl


(Həyat dərsi)

İki qonşu ölkənin hökmdarları bir-birilərinə müharibə elan etməsələr də, hikmətli sualları ilə rahat buraxmırdılar. Ad günlərində və bayramlarda fürsəti əldən vermir, qəribə hədiyyələr göndərərək, qarşı tərəfə nə qədər ağıllı olduqlarını göstərməyə çalışırdılar.
Bir gün hökmdarlardan biri ölkəsinin ən görkəmli heykəltəraşını hüzuruna çağırdı və ona qızıldan üç insan heykəli düzəltməyi tapşırdı. Heykəllər ilk baxışdan bir-birilərinə bənzəsələr də, biri o birindən fərqli olmalı və bu fərqi hökmdarla onu düzəldən heykəltəraşdan başqa heç kim bilməməli idi.
Vaxt gəldi, heykəllər hazır oldu. Hökmdar bir məktub yazaraq, heykəlləri qonşu ölkənin hökmdarına göndərdi. Məktubda bu sözlər yazılmışdı: “Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Heykəllər bir-birilərinə çox bənzəsələr də, biri o birilərindən çox qiymətlidir. Həmin heykəli tapsan, mənə də xəbər ver”.
Hədiyyəni alan hökmdar əvvəlcə heykəllərin çəkisini yoxladı. Heykəllərin çəkisi eyni idi. Sonra ölkəsində heykəltəraşlıqla məşğul olan bütün sənətkarları çağırdı. Heykəlləri diqqətlə nəzərdən keçirsələr də, aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın “dərdindən” xəbərdar oldu. Ancaq heç kəs bir çıxış yolu tapa bilmədi.
Bir gün elmi və ağlı ilə hər kəsdən seçilən, ancaq hökmdara qarşı çıxdığı üçün zindana atılan bir gənc xəbər göndərdi və heykəllərin sirrini bildiyini dedi. Başqa çarəsi olmayan hökmdar gənci hüzuruna gətirməyi əmr etdi.
Gənc əvvəlcə heykəlləri diqqətlə nəzərdən keçirdi. Sonra nazik bir sim istədi. Simin bir ucunu heykəlin qulağından saldı. Sim heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni şeyi etdi. Bu dəfə sim heykəlin o biri qulağından çıxdı. Üçüncü heykəldə isə sim qulağından girdi, ancaq heç bir yerdən çıxmadı. Sim ancaq ürəyə qədər gedib çata bilirdi. Bu, hökmdarı çox sevindirdi. Və qonşu ölkənin hökmdarına belə bir cavab yazdı: “Qulağından girəni ağzından çıxaran insanın qiyməti yoxdur. Bir qulağından girəni o biri qulağından çıxaran insan da qiymətsizdir. Ən qiymətli insan qulağından girəni ürəyində dəfn edən insandır”... 

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top