Azərbaycanda tabletin içliyində görün nə yazılıb - FOTO

Apteklərdə satışa çıxarılan "Kalsinova" tabletlərinin içliyindəki səhv vətəndaşları çaşbaş salıb. Bu barədə Yeniavaz.com saytına həkimin resepti əsasında həmin tableti övladı üçün alan vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, övladını dişləri gec çıxdığı üçün həkimə aparıb və kalsium çatışmazlığı ilə əlaqədar uşağa bu tabletləri alıb vermək tövsiyə olunub: "Həkim bildirdi ki, aptekdən alın və uşaq yaşına uyğun olaraq gün ərzində 2 tableti çeynəsin. Alıb gətirdik. Tabletin qablaşdırmasındakı içliyi oxuyanda isə çaşıb qaldıq".

Vətəndaş dediklərinə misal kimi həmin içliyi bizə təqdim edib.

İçlikdə yazılanlar həqiqətən, vətəndaşın dediyi kimidir. İstifadə qaydalarında bildirilir:

- 2 yaşdan 3 yaşa qədər uşaqlar: gündə 1 tablet,

- 4 yaşdan 6 yaşa qədər uşaqlar: gündə 2 tablet

- 7 yaş və daha çox olan uşaqlar: gündə 3 tablet.

Ən qəribəsi isə budur ki, içliyin alt hissəsində yazılır: "Kalsinova" tabletlərini 2 yaşdan yuxarı uşaqlara istifadə etmək tövsiyə olunmur. Bəs o zaman yuxarıda yazılanlar nə deməkdir? Hər iki yazını oxuyan vətəndaşların çaşıb qalması təbii ki, anlaşılandır. Lap "Arşın mal alan" filmindəki kimi - gah deyir oxu, gah deyir oxuma...

Bəs dərman və tabletlərin içliklərinin tərcüməsi zamanı edilən bu səhvlərə görə kim məsuliyyət daşıyır? Belə olduqda satışa çıxarılan məhsulların aqibəti necə olur?

Qeyd edək ki, bir müddət öncə səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirmişdi ki, nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib: "Səhiyyə Nazirliyində qeydiyyatdan keçməyən dərman preparatlarının içlik vərəqələrində səhvlər var idi. Amma nazirliyin təsdiq etdiyi içlik vərəqələri standart formaya gətirilib. Hazırda bunun da yığcam formasını fikirləşirik ki, bəzi içlik vərəqələri çox böyük həcmdədir. Burada istifadəçilər üçün artıq məlumatlar var. Düşünürük ki, həmin məlumatlar gələcəkdə içlik vərəqələrində olmasın. Çünki içlik vərəqələri təkcə xəstələr üçün deyil, bundan həkimlər də istifadə edirlər".

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Mərkəzin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Əkbərova mövzu ilə bağlı açıqlama veriləcəyini bildirdi.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top