MDU ilə “Rabitəbank” arasında memorandum imzalandı


2026-cı ilin 9 aprel tarixində Mingəçevir Dövlət Universiteti ilə “Rabitəbank” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq Memorandumu imzalanıb. Memorandumun imzalanması ilə əlaqədar olaraq MDU-nun rektoru Anar Eminovnun rəhbərlik etdiyi nümayəndə heyəti “Rabitəbank” ASC-nin baş ofisində olub.
Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib, universitet–sənaye əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Görüşdə rektor Anar Eminov və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov arasında əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb.
İmzalanmış Memorandum universitet ilə bank sektoru arasında əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də onların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədi daşıyır.
Sənədə əsasən, əməkdaşlıq aşağıdakı istiqamətləri əhatə edir:
- maliyyə savadlılığı, bankçılıq və rəqəmsal maliyyə sistemləri üzrə seminar və təlimlərin keçirilməsi;
- birgə sosial və innovativ layihələrin həyata keçirilməsi;
- informasiya texnologiyaları, kibertəhlükəsizlik və fintech sahələrində əməkdaşlıq, o cümlədən təlim, hackathon və yarışların təşkili;
- məzunların məşğulluğunun artırılması məqsədilə karyera günlərinin təşkili, işə qəbul prosesinə dəstək və peşəkar inkişaf üzrə konsultasiyaların keçirilməsi.


Görüş çərçivəsində həmçinin, MDU-da yeni yaradılan “Tədqiqat Mövzu Hovuzu Platforması”na bank və bankçılıq, eləcə də rəqəmsal həllər sahəsinə aid real mövzuların təqdim olunması, bu mövzular üzrə elmi rəhbərlərin təyin edilməsi, eləcə də müvafiq ixtisas fənləri üzrə tədris proqramlarının təkmilləşdirilməsi, praktik yönümlü modulların genişləndirilməsi və sənaye tələblərinə uyğun kurikulumların formalaşdırılması kimi məsələlər də müzakirə olunub.
Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla zənginləşdirilməsinə, onların peşəkar inkişafına və müasir əmək bazarının tələblərinə uyğun kadr kimi formalaşmasına mühüm töhfə verəcək.




DİGƏR XƏBƏRLƏR

Top