
“Honda” şirkəti ABŞ-də aşağı keyfiyyətli boya problemi ilə əlaqədar yenidən məhkəmə iddiası ilə üzləşib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Carscoops” portalı məlumat yayıb.
Portalın məlumatına görə, bir qrup avtomobil sahibi avtomobil istehsalçısını keyfiyyətsiz boya istifadə etməkdə ittiham edib.
Belə ki, hər şey 2024-cü ildə “Honda” ilk dəfə məhkəməyə verildikdə başlayıb. Avtomobil sahibləri ağ boyanın heç bir səbəb olmadan asanlıqla soyulmasından və qabarmasından şikayət ediblər.
2025-ci ildə hakim problemi “kosmetik qüsur” kimi qiymətləndirdiyi üçün ilkin iddianı rədd edib. Lakin apellyasiya məhkəməsi iddiaçılara iddialarını yenidən nəzərdən keçirməyə və yenidən təqdim etməyə icazə verib.
İddiaçılar iddia edirlər ki, “Honda” ağ boyanın qüsurları barədə hələ 2012-ci ildə məlumatlı olsa da, bu məlumatı müştərilərdən gizlədib. Onlar iddia edirlər ki, boyanın nəzərdə tutulan ömründən çox əvvəl soyulması avtomobil kuzovunun bütövlüyünü təhlükə altında qoya bilər.
Kollektiv iddiada beş “Honda” və “Acura” modelinin (2013 il və daha sonrakı) adı çəkilir:
- “Acura MDX”;
- “Honda Odyssey”;
- “Honda Pilot”;
- “Honda Fit”;
- “Honda HR-V”.
Ancaq məhkəmə bu dəfə avtomobil sahiblərinin xeyrinə qərar çıxarıb. Belə ki, şikayət üçün müddət məhdudiyyəti maşının satın alındığı tarixdən deyil, problemin aşkar edildiyi tarixdən hesablanacaq.
Yaxın vaxtlarda iş üzrə yenidən məhkəmə prosesinin keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-də daha iki Yapon şirkəti kollektiv iddia ilə üzləşib. Məsələn, mart ayında “Mazda” şirkəti məhkəməyə verilib və sahibləri CX-90 krossoverindəki “sistemli problemlərdən” şikayət ediblər. “Toyota” şirkəti də məhkəməyə verilib və sahibləri transmissiya etibarlılığı ilə bağlı problemlər barədə məlumat veriblər.
Tətbiqimizi yükləyə bilərsiniz